Bakının Sabunçu rayonunda 58 yaşlı kişi arvadını öldürməkdə ittiham olunub.
Pravda.az Demokrat.az-a istinadla xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Loğman 2024-cü ilin avqust ayının əvvəllərində rəsmi nikahda olduğu Aytənin (adlar şərtidir - red.) mobil telefonla bir kişi ilə danışdığını eşidib. Aytənin ona xəyanət etdiyindən şübhələnən Loğman qadını öldürmək qərarına gəlib.
Bu məqsədlə o, 15 avqust 2024-cü il tarixdə saat 13 radələrində Aytənlə birlikdə yaşadığı Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evə gəlib. O, əvvəlcədən özünə məxsus olan suvenir xəncəri götürərək, hasarın dibində gizlədib və arvadının işdən gəlməsini gözləyib.
Aytən işdən gələndə Loğman xəncəri götürərək qadına çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Loğmana Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Loğman elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində bildirib ki, əvvəllər arvadından ayrı yaşayıb. Sonradan barışaraq birlikdə yaşamağa başlayıblar:
"Daha sonra arvadımın iş yoldaşı olan Kəmalə adlı şəxsdən 10 000 manat borc pul aldığını eşitdim. Həmin vaxt avtomobilim nasaz olduğu üçün usta puluna görə ondan 500 manat istədim. Aytən də pulu verəcəyini bildirdi.
Evə gedərkən arvadımın Səlim adlı şəxslə üzbəüz danışdığını gördüm. Onların yanına gedəndə arvadımın bıçaqlandığını gördüm. Aytəndən hadisənin səbəbini soruşdum. O, Səlim adlı şəxsin onun pulunu vermədiyini və bıçaqla vurduğunu bildirdi. Səlimin arxasınca getsəm də, onu tuta bilmədim. Hadisə zamanı istifadə olunan bıçağı da xatırlamadığım bir yerə atmışam. Təcili tibbi yardımın gəldiyini gördüm və oradan uzaqlaşdım. Mən arvadımı bıçaqla vurmamışam".
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə təxminən 2003-cü ildə Aytənlə rəsmi nikaha girdiyini bildirib:
"Həmin evlilikdən iki övladımız dünyaya gəlib. Övladlarımdan biri 21 yanvar 2005-ci ildə, digəri isə 2014-cü ildə doğulub. Böyük oğlum Məmməd 2017-ci ildə bədbəxt hadisə nəticəsində vəfat edib.
Ailə həyatı qurduqdan sonra bir müddət qeydiyyatda olduğum ünvanda yaşadıq. Təxminən 2010-cu ildə isə hazırda yaşadığımız Maştağa qəsəbəsinə köçdük.
Təqribən iki ay əvvəl, yəni 2024-cü ilin iyun ayından etibarən arvadımın mənə xəyanət etməsindən şübhələnməyə başladım. Hazırda dəqiq tarixini xatırlamadığım bir gecə Aytənin yaşadığımız ünvanda kiminləsə mobil telefonla danışdığını eşitdim. Bu barədə ondan soruşdum. O, heç kimlə danışmadığını deyərək söhbətdən yayınmağa çalışdı və mobil telefonuna baxmağıma icazə vermədi.
Təxminən 15-20 gün sonra Aytənin istifadə etdiyi mobil telefon nömrəsinə zəng etdim. Telefona həyəcanlı şəkildə cavab verdi. Həmin vaxt onun yanında yad kişi səsi eşitdim. Harada olduğunu soruşduqda işıq pulunu ödəmək üçün getdiyini bildirdi. Yanındakı şəxsin səsi eşidilən kimi Aytən telefonu söndürdü.
Bu hadisədən sonra Aytəni güdməyə başladım. Həmin ilin iyulun 13-də qəsəbədə Aytənlə əvvəllər tanıdığım qəsəbə sakini Səlim adlı şəxsi birlikdə piyada gedərkən gördüm. Aytənə yaxınlaşaraq nə baş verdiyini soruşmaq istədim. Bu zaman Aytənin əli ilə Səlimə uzaqlaşmasını işarə etdiyini gördüm. Səlim uzaqlaşdı, mən də Aytənə yaxınlaşmadım.