Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

“Avropa İttifaqına üzv olan ölkələrin gəncləri işsizliyə, iqtisadi çətinliklərə etiraz edirlər” - Deputat

Paylaş:
“Avropa İttifaqına üzv olan ölkələrin gəncləri işsizliyə, iqtisadi çətinliklərə etiraz edirlər” - Deputat
Bizi Google News-da izləyin

“Avropada etirazlar səngimək bilmir. Avropa artıq təkcə kənar sərhədlərinin təhlükəsizliyi dilemması ilə deyil, eyni zamanda ideoloji cəhətdən təhlükə ilə üz-üzədir. Həftələrlə davam edən aksiyalar ölkələrin sosial iqtisadi sistemlərini iflic hala salıb. Etirazlar əsasən dövlət xərclərinin ixtisarına, bahalaşmaya və bütövlükdə dövlət siyasətindən narazılığa qarşı geniş hərəkata çevrilib. Etirazlarda xüsusilə gənclər iştirak edir, onlar məktəblilərin yaşayış xərclərinə, müəllim çatışmazlığına, məktəblərin vəziyyətinə və gənclər üçün perspektivsizliyə görə etiraz qaldırırlar. Dünya iqtisadiyyatında gücünə görə ABŞ və Çindən sonra 3-cü yerdə olan Avropa İttifaqı təxminən 450 milyon əhalisi və 21 trilyon dollardan artıq nominal ÜDM-i ilə aparıcı güclərindən biri hesab olunsa da, Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin gəncləri işsizliyə, iqtisadi çətinliklərə etiraz edir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva deyib. 

Deputat bildirib ki, aksiyalarda ciddi insan hüquqları pozuntuları da yaşanır: “Bu ölkələrdə yerli əhalinin etirazları zamanı zorakılıq hallarının geniş xarakter alması böyük təəssüf doğurur. Küçələrdə azyaşlı uşaqlara amansızlıqla xəsarət yetirilməsi, qadınlara, yaşlı insanlara bu ölkənin polisi tərəfindən güc tətbiqi, insanların aksiyalarını vəhşicəsinə susdurmağa çalışmaq ciddi insan haqları pozuntusudur. Yaranmış vəziyyətlə bağlı Avropa İttifaqının İnsan hüquqları üzrə Komissarının, eləcə də, Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının hələ heç bir reaksiyasını görməmişik, öz növbəsində bu şəxslər mandatına uyğun olaraq narazılığını bildirməyib. AŞPA-nın səsi çıxmır. Polis normadan artıq güc tətbiq edir, insanlar küçələrdə amansızlıqla döyülür, işgəncələrə məruz qalır. Avropa İnstitutları bu cür kobud insan hüquq və azadlıqlarının pozulması hallarına operativ şəkildə reaksiya verməlidir. Gözləntimiz odur ki, bu qurumlar digər ölkələrlə bağlı şərhlər verdiyi kimi, tələblər qoyduğu kimi, öz ölkələrində baş verən hadisələrlə bağlı da eyni şəkildə şərhlər verib, narazılıq ifadə edəcəklər”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər