Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə iclasının qapalı keçirilməsi onun tərəfdarlarını narazı salıb. Etiraz edənlər məhkəmə prosesinin qapalı keçirilməsini guya hökumətin öz istədiyini həyata keçirməsi üçün məqsədli addım kimi qələmə verirlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarziə komitəsinin üzvü Aydın Mirzəzadə Pravda.az-a açıqlamasında deyib ki, Əli Kərimli öz həbsini siyasiləşdirməyə çalışır.
Deputat vurğulayıb ki, Əli Kərimlinin nədə ittiham edildiyi açıq şəkildə bildirilib:
“Onun dinləmələrində, izahatında vəkillər iştirak ediblər. Məhkəmənin qapalı keçirilməsi məhkəmə praktikasında həmişə olub. Müəyyən məsələlər var ki, onların məhz qapalı məhkəmə iclasında araşdırılması düzgün hesab edilir. Onun haqqında çıxarılacaq qərar öz etirafları, Cinayət Məcəlləsinə uyğun olaraq qəbul ediləcək. Gələcəkdə veriləcək cəza ilə razılaşmazsa, Kərimlinin vəkilləri protest verə bilərlər. Azərbaycan hüquqi dövlətdir. Hər kəsin öz məhkəmə qərarına protest vermək hüququ var. Əli Kərimlinin işi barədə hər hansı siyasi məsələ yoxdur. Həmişəki kimi öz şəxsiyyətinə xüsusi diqqət ayrılmasına, onunla bağlı hüquqi prosedurlara siyasi rəng verməyə çalışır. Bir hüquqşünas kimi özü də bilir ki, etdiyi cəhdlər əbəsdir. Göstərdiyi fəaliyyətə görə məhkəmə qarşısında cavab verməlidir”.
Xatırlatma: AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham olunur.
Aytəkin Qardaşova