“Son dövrlər Avropanın bir sıra ölkələrində – Almaniya, Fransa, Niderland və digər dövlətlərdə kütləvi etiraz aksiyalarının genişlənməsi, polis müdaxilələrinin sərtləşməsi, saxlanılmaların və qarşıdurmaların artması həmin ölkələrdə ciddi sosial-siyasi problemlərin mövcudluğunu bir daha ortaya qoyur. Avropa ölkələrində yürüdülən uğursuz iqtisadi və sosial siyasət əhalinin narazılığı ilə qarşılaşır. Uzun illər yüksək sosial rifah və həyat standartları ilə öyünən Avropa cəmiyyətləri bu gün getdikcə ağırlaşan iqtisadi vəziyyətlə üz-üzədir. Enerji daşıyıcılarının, yanacağın və qazın qiymətinin artması, inflyasiyanın yüksəlməsi insanların gündəlik həyatına ciddi təsir göstərir. İnflyasiya əməkhaqlarının və sosial ödənişlərin real alıcılıq qabiliyyətini aşağı salır, avronun dəyər itkisi və yaşayış xərclərinin artması əhalinin sosial yükünü daha da ağırlaşdırır. Təhsil və digər ictimai xidmətlər sahəsindəki problemlər, bir çox sektorlarda əməkhaqlarının inflyasiya ilə ayaqlaşmaması narazılıqları dərinləşdirir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov qeyd edib ki, Avropanın müxtəlif şəhərlərində insanlar küçələrə çıxaraq öz etiraz səslərini ucaldır, hökumətlərdən sosial və iqtisadi problemlərin həllini tələb edirlər: “Bu etirazlar göstərir ki, heç bir dövlət, hətta özünü dünyanın ən inkişaf etmiş və demokratik ölkələri sırasında görən dövlətlər belə, daxili problemlərdən sığortalanmayıb. Lakin burada diqqət çəkən daha mühüm məqam var. Uzun illər Azərbaycanı və digər qeyri-Avropa ölkələrini insan hüquq və azadlıqlarının pozulmasında ittiham edən, onlara demokratiya dərsi keçməyə çalışan bəzi Avropa dövlətlərinin özündə insan hüquqları ilə bağlı çox ciddi suallar meydana çıxır. Etiraz aksiyalarında iştirak edən insanlara qarşı həddindən artıq güc tətbiqi, polis zorakılığı, kütləvi saxlanılmalar, rezin güllələrdən və gözyaşardıcı vasitələrdən istifadə, aksiya iştirakçılarının döyülərək saxlanılması Avropada hüquq və azadlıqların real vəziyyəti ilə bağlı ciddi müzakirələrə əsas verir”.
Deputat vurğulayıb ki, hər bir dövlət ictimai asayişi və təhlükəsizliyi təmin etməlidir: “Lakin bu, vətəndaşların sərbəst toplaşmaq, etiraz etmək və öz fikirlərini ifadə etmək hüquqlarının məhdudlaşdırılmasına, onlara qarşı qeyri-mütənasib güc tətbiqinə bəraət qazandıra bilməz. Polis müdaxilələri qanun çərçivəsində, zərurilik və mütənasiblik prinsiplərinə uyğun həyata keçirilməlidir. Bu mənzərə bir həqiqəti ortaya qoyur: insan hüquqları və demokratik dəyərlər coğrafi sərhəd tanımır. Beynəlxalq hüquq normaları, insan hüquq və azadlıqlarının müdafiəsi prinsipləri bütün dövlətlər üçün eyni olmalıdır. Burada ikili standartlara, yəni bir ölkəyə münasibətdə tələb olunan demokratik prinsiplərin digər ölkəyə münasibətdə gözardı edilməsinə yer olmamalıdır. Avropa İttifaqı ölkələri üçün də «sizə olar, başqalarına olmaz» yanaşması qəbuledilməzdir. Əgər Avropa dövlətləri digər ölkələrdən insan hüquqlarına hörmət etməyi, demokratik prinsiplərə əməl göstərməyi tələb edirlərsə, ilk növbədə öz ərazilərində bu prinsiplərin necə qorunduğuna diqqət yetirməlidirlər. Demokratiya yalnız başqa dövlətlərə ünvanlanan siyasi bəyanatlardan və hesabatlardan ibarət deyil. Demokratiya, ilk növbədə, dövlətin öz vətəndaşlarına münasibətində, onların hüquqlarına hörmətində və problemlərinin həllinə yanaşmasında özünü göstərməlidir. Bu baxımdan Avropa ölkələrinin rəhbərləri etiraz aksiyalarında iştirak edən insanlara qarşı zorakılıq hallarının qarşısının alınması, qanunsuz müdaxilələrin araşdırılması və vətəndaşların haqlı tələblərinin dinlənilməsi istiqamətində real addımlar atmalıdırlar. Etirazçıları sadəcə küçələrdən dağıtmaqla, onları həbs etməklə və ya güc tətbiq etməklə problemləri həll etmək mümkün deyil. Dövlət rəhbərləri və hökumətlər vətəndaşların qarşısına çıxmalı, onların tələblərinə açıq və əsaslandırılmış cavab verməli, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün konkret tədbirlər görməlidirlər. Əgər mövcud hakimiyyətlər qarşıya çıxan problemləri həll etmək iqtidarında deyillərsə, siyasi məsuliyyət daşımalı, zəruri hallarda vəzifələrini daha səriştəli və bacarıqlı qüvvələrə təhvil verməlidirlər. Unutmaq olmaz ki, demokratiyanın əsas göstəricisi hansısa ölkənin digər dövlətlərə verdiyi qiymət deyil, öz xalqının hüquqlarını, azadlıqlarını və sosial rifahını nə dərəcədə təmin etməsidir. Avropa da bu baxımdan istisna deyil”.
Şəhanə Qədirli