Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Pravda.az xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.
Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər.