Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən və 18 il azadlıqdan məhrum edilən İqbal Əbilov barədə noyabrın 2-də məhkəmə 1 il qapalı həbsxanada saxlanılmasına qərar verib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu qərara Əbilovun üzərində talış dilində iki misra yazılan köynəyin səbəb olduğu deyilir. Bu məsələ talış dilində danışmaqla bağlı qanunda hansısa cəzanın olub-olmaması məsələsini gündəmə gətirib.
Tanınmış vəkil Turan Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı yayılan məlumatlarda müəyyən yanlış anlaşılma ola bilər və hüquqi baxımdan hadisənin mahiyyətini düzgün fərqləndirmək lazımdır.
Vəkil İqbal Əbilovun işi ilə bağlı xatırladıb ki, o, 18 il müddətinə azadlıqdan məhrum edilib, 20 may 2025-ci il tarixli məhkəmə hökmünə əsasən, ona qarşı Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə ittiham irəli sürülüb və həmin ittihamlar əsasında məhkum edilib: “Yəni söhbət dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə açıq çağırışlar və milli nifrət və düşmənçiliyin salınması ilə bağlı cinayət ittihamlarından gedir. Noyabrın 2-də baş verən hadisə isə tamam başqa hüquqi məsələdir. Bu dəfə məhkəmə onun barəsində yeni cinayət hökmü çıxarmayıb. Söhbət məhkumun cəzaçəkmə müəssisəsində saxlanma rejiminin dəyişdirilməsindən, başqa sözlə, qapalı tipli həbsxanaya keçirilməsindən gedir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsini istəyib, məhkəmə isə bu təqdimatı qismən təmin edərək müddəti 1 il müəyyən edib. Əbilovun iddiasına görə, ona qarşı tətbiq edilən intizam tədbirlərinin səbəblərindən biri üzərində talış dilində şeir yazılmış köynək geyinməsi olub. Lakin bu, onun şəxsi mövqeyi və iddiasıdır. Mətbuatda cəzaçəkmə müəssisəsinin başqa intizam pozuntuları ilə bağlı iddiaları da qeyd olunur. Buna görə də məhkəmə qərarını və intizam materiallarını görmədən birbaşa iki misraya görə cəzalandırıldığı qənaətinə gəlmək hüquqi baxımdan doğru olmaz".
O qeyd edib ki, Azərbaycanda talış dilində yazı yazmağa, şeir paylaşmağa, həmin dildə danışmağa və ya bu dildə jurnalist fəaliyyəti ilə məşğul olmağa görə ayrıca cinayət məsuliyyəti nəzərdə tutulmayıb: "Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsi əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını, 45-ci maddəsi isə hər kəsin ana dilindən istifadə etmək hüququnu təmin edir. Konstitusiyanın 47-ci maddəsi də fikir və söz azadlığını qoruyur. Əlbəttə, bu hüquqlar heç kəsə milli, irqi və ya dini düşmənçiliyi təşviq etmək, zorakılığa çağırmaq və ya cinayət törətmək imkanı vermir. Lakin burada mühüm hüquqi fərq var: hər hansı dildə yazılmış mətnin mövcudluğu ilə həmin mətnin cinayət tərkibi yaratması eyni şey deyil. Cinayət məsuliyyəti dilə, milli mənsubiyyətə və ya yazının hansı dildə olmasına görə deyil, konkret əməlin qanunda nəzərdə tutulan cinayətin bütün əlamətlərini ehtiva edib-etməməsinə görə müəyyən edilməlidir. Odur ki, talış dilində xəbər hazırlayan jurnalistlərin, həmin dildə şeir yazan şəxslərin və ya sosial şəbəkələrdə bu dildən istifadə edən vətəndaşların bu hadisəyə görə cəzalandırılacağından narahat olmasına hüquqi əsas görmürəm. Konkret materialda cinayət qanunvericiliyinin pozulması yoxdursa, onun talış dilində hazırlanması özlüyündə heç bir məsuliyyət yaratmır. Fikrimcə, bu hadisəni talış dilində iki misraya görə cəza verilməsi kimi təqdim etmək düzgün deyil. Eyni zamanda məhkumun ana dilindən istifadə etməsi ilə bağlı iddialar da diqqətlə araşdırılmalıdır. Çünki hüquqi dövlət üçün əsas meyar şəxsin hansı dildə danışması deyil, onun konkret hərəkətinin qanuna uyğun olub-olmamasıdır. Bir sözlə talış dilində yazmaq cinayət deyil, konkret cinayət əməli sübuta yetirilməlidir”.
Aytəkin Qardaşova