Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması ilə bağlı araşdırmalar nəticəsində pozuntular aşkarlanması Azərbaycanda "Temu" platformasının bağlanacağı məsələsini gündəmə gətirib.
İqtisadçı Rəşad Həsənov Pravda.az-a açıqlamasında deyib ki, hazırkı mərhələdə “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması ilə bağlı müvafiq istiqamətdə araşdırmalar aparılır.

İqtisadçı vurğulayıb ki, “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması üzərindən Azərbaycanda həyata keçirdiyi satış siyasəti əslində Rəqabət Məcəlləsinin bir neçə istiqamətdə tələblərinə uyğun olaraq təhlil olunacaq: "Proses çərçivəsində inhisarçı qiymətlərin, aşağı qiymətlərin tətbiqi yolu ilə bazar iştirakçılarının fəaliyyətinin məhdudlaşdırılması, ədalətsiz rəqabət mühitinin formalaşması, eyni zamanda vaxtı keçmiş, keyfiyyəti aşağı olan məhsulların təklif edilməsi daxil olmaqla üç maddə üzrə araşdırmalar, təhlillər aparılacaq. Düşünürəm ki, bu istiqamətdə aparılan işlərin nəticəsindən asılı olaraq "Temu" platformasının Azərbaycanda bağlanması, yaxud fəaliyyətinin məhdudlaşdırılması deyil, ola bilsin, Rəqabət Məcəlləsinin müəyyən etdiyi tələblərə uyğun olaraq aşkarlanmış nöqsanlara görə sanksiyaların tətbiqi halı baş versin. Çünki Məcəllə müvafiq istiqamətləri üzrə nöqsanlara yol verən və siyasət həyata keçirən müəssisələrə münasibətdə əvvəlki il ərzində dövriyyənin 10%-i həcminə qədər cəzalar müəyyən edilə, yaxud əlavə olaraq haqsız rəqabətdən əldə edilmiş gəlirə görə 50% həcmdə sanksiyaların tətbiqi halları da ağırlaşdırıcı hal kimi nəzərdən keçirilə bilər. Əslində, mövcud qanunvericilikdən yola çıxaraq qeyd etmək lazımdır ki, hazırkı araşdırma "Temu" platformasının inzibati qaydada Azərbaycanda fəaliyyətini dayandırmağa gətirib çıxarmamalıdır. Konkret olaraq platformanın müvafiq sanksiyalarla üzləşməsi məsələsi gündəmə gəlir. Ola bilər ki, bu araşdırmalar və onun nəticəsində qəbul edilən qərarlar “PDD Holdings” tərəfindən qeyri-səmərəli, qeyri-ədalətli hesab olunsun, nəticədə, bu kimi yanaşmaları nəzərə almaqla Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı şirkətin özü tərəfindən qərar qəbul edilsin. Hadisələrin bu istiqamətdə cərəyan edəcəyini düşünmürəm, amma belə ehtimal var".
R.Həsənov bildirib ki, böyük müştəri kütləsi ilə işlənilirsə, xüsusilə, Azərbaycan kimi qeyri-liberal bazarda hər hansı oyunçu qısa müddətdə böyük pay əldə edirsə, radikal siyasət həyata keçirirsə, bu, diqqəti cəlb edir: "Müvafiq olaraq da həmin müəssisələrin, platformaların fəaliyyətinin məhdudlaşdırılması bir çox maraq qruplarının diqqətini çəkir. Buna görə də belə məsələlər gündəmə gəlir, iddialar ortaya atılır. Əslində, mövcud şərait nəzərə alınarsa, "Temu" və ona bənzər digər elektron ticarət platformaları Azərbaycan alıcısına kifayət qədər əlverişli şərtlərlə məhsul əldə etmək imkanı yaradır. Beləliklə, ailə büdcəsinin daha səmərəli şəkildə idarə edilməsi inflyasiyanın təzyiqlərinin qismən də olsa, neytrallaşdırılmasına, alıcıların seçim imkanının diversifikasiyasına, genişlənməsinə, hətta yerli təchizatçıların belə hansısa formada qeyri-ədalətli qiymətləri bazarda tətbiq etməsi istiqamətində müəyyən pozitiv nəticələrə gətirib çıxarır. Bu, insanların çox vacib hüquqlarından biridir. Dolayısı ilə, bütövlükdə prosesin özü az və ya çox səviyyədə ölkədə inflyasiya təzyiqlərinin nisbətən daha aşağı olması, yaxud bu təzyiqlərin bir hissəsinin neytrallaşdırılması üçün imkankanlar formalaşdırır. Təbii ki, bu və ya digər şəkildə istehlakçıların hüquqlarının qorunması onların keyfiyyətsiz mal və xidmətlərin istifadə etmək məcburiyyətində qalmaları, eləcə də istehlakçıların aldadılmaları kimi halların qarşısının alınması Azərbaycanda aidiyyəti dövlət qurumlarının vəzifə və öhdəliklərinə daxildir. Bu istiqamətdə də işlər görülməlidir. "Temu" daxil olmaqla heç bir platforma belə qanun pozuntularına getməməlidir. Bu, Azərbaycanda ümumi ticarət münasibətlərinin keyfiyyətinin artması aspektindən də vacib məsələdir".
Aytəkin Qardaşova