Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Özəl ekspert rəyinə etimad necə qazanılacaq? - Beynəlxalq standartlar və yerli reallıqlar

Paylaş:
Özəl ekspert rəyinə etimad necə qazanılacaq? - Beynəlxalq standartlar və yerli reallıqlar
Bizi Google News-da izləyin

Özəl məhkəmə ekspertizası sahəsində islahatın real nəticəsi institutun formal təsis edilməsi ilə deyil, ekspert rəyinin elmi əsaslılığına, metodoloji düzgünlüyünə və prosessual müstəqilliyinə təminat verən mexanizmlərin nə dərəcədə dayanıqlı qurulması ilə ölçüləcək.

Bu fikirləri Pravda.az-a açıqlamasında məhkəmə və yerquruluşu üzrə ekspert Yaqub İsgəndərov söyləyib.

Onun sözlərinə görə, bu sistemin əsas sütunlarından biri kimi nəzərdə tutulan Özəl Məhkəmə Ekspertləri Palatası peşə maraqlarını təmsil edən və ya hüquqları müdafiə edən qurum olmamalı, həm də özünütənzimləmə, keyfiyyət nəzarəti və ictimai məsuliyyət platforması kimi fəaliyyət göstərməlidir: “Burada həlledici məqam dövlət nəzarəti ilə peşəkar özünüidarəetmə arasında funksional və hüquqi tarazlığın formalaşmasıdır. Palatanın təşkilati və peşəkar müstəqilliyi qorunmaqla yanaşı, qərar qəbuletmə prosesləri şəffaflıq, hesabatlılıq və ictimai etimad prinsiplərinə tabe olmalıdır.

Çünki məhkəmə ekspertizası adi kommersiya xidməti deyil. Ekspert rəyinin nəticəsi mülkiyyət və torpaq mübahisələrinin, iqtisadi-maliyyə münasibətlərinin, tikinti-texniki iddiaların, cinayət təqibinin və insan hüquqlarının taleyinə birbaşa təsir göstərir. Odur ki, ekspertin səriştəsi, metodoloji yanaşması və maraqlar toqquşmasından azad olması fərdi etika məsələsi olmaqla yanaşı, hüquqi sistemin etibarlılıq göstəricisidir. Xidmətlərin ödənişli əsasda göstərilməsi rəy məzmununun sifarişçinin mövqeyinə uyğunlaşdırılması riskinə yol açmamalı, maliyyə və müqavilə münasibətləri elmi nəticənin obyektivliyinə kölgə salmamalıdır”.

Ekspert beynəlxalq təcrübəyə istinad edərək bildirir ki, ekspertiza sistemində keyfiyyət yalnız diplom, iş stajı və ya ümumi sertifikatla təmin olunmur: “Qabaqcıl Avropa modellərində ixtisaslaşma meyarları, peşəkar fəaliyyətin dövri qiymətləndirilməsi, laboratoriyaların akkreditasiyası, tədqiqat metodlarının validasiyası, nəticələrin təkrar təhlili və etik standartlar vahid zəncir kimi işləyir. ISO/IEC 17025 laborator sınaq və kalibrləmə fəaliyyətinin texniki səriştəsinə, ISO/IEC 17020 isə müayinə və inspeksiya qurumlarının qərəzsizliyi və təşkilati etibarlılığına əsas çərçivə verir. 

Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinin (ENFSI) yanaşması da sübutların ilkin mərhələdən məhkəmə araşdırmasınadək izlənilə bilən, standartlaşdırılmış və elmi cəhətdən yoxlanıla bilən olmasını tələb edir. Azərbaycan şəraitində bu yanaşmanın mexaniki köçürülməsi deyil, milli hüquq sisteminə və sahəvi xüsusiyyətlərə uyğunlaşdırılması zəruridir. Əlyazma, sənəd, tikinti-texniki, mühəndislik, iqtisadi, maliyyə, torpaq, geodeziya, əmtəəşünaslıq, rəqəmsal və tibbi ekspertiza istiqamətlərinin hər biri fərqli obyektlərə, risk səviyyələrinə və ölçmə-analiz alətlərinə malikdir”. 

İsgəndərovun fikrincə, hər bir ixtisas üzrə minimum nəzəri-praktik tələblər, tətbiq olunan metodların etibarlılıq həddi, mümkün xəta ehtimalları və rəy yoxlamasının texniki qaydaları ayrıca müəyyən edilməlidir: “İxtisaslaşma üzrə açıq və elektron reyestrin yaradılması məqsədəuyğundur. Reyestrdə yalnız ad və sertifikat məlumatı deyil, ekspertin konkret hansı ekspertiza növləri üzrə səlahiyyətli olduğu, iş və təcrübə göstəriciləri, ixtisasartırma tarixçəsi, akkreditasiya statusu və istifadə etdiyi metodoloji yanaşmalar əksini tapmalıdır. Səlahiyyət dairəsi real səriştəyə əsaslanmalı, bir sahədə əldə edilmiş ixtisaslaşma digər sahələrdə avtomatik fəaliyyət hüququ yaratmamalıdır.

Palatanın institusional mexanizmləri etik davranış kodeksi, maraqlar toqquşmasının məcburi bəyan edilməsi, rəylərin müstəqil ekspert yoxlaması, müraciətlərin obyektiv araşdırılması, intizam qərarlarından şikayət proseduru və ekspertlərin dövri peşəkar qiymətləndirilməsi üzərində qurulmalıdır. İntizam mexanizmi sırf cəza aləti kimi deyil, peşə səhvlərinin kök səbəblərini aşkarlayan, metodoloji boşluqları aradan qaldıran və təkrar pozuntuların qarşısını alan institusional öyrənmə vasitəsi kimi işləməlidir”. 

Müsahibimiz vurğulayır ki, hüquqi və intizam məsuliyyəti baxımından elmi-metodoloji səhv və ya yanlış nəticəyə gəlmə ilə qəsdən saxta və ya qərəzli rəy vermə aydın şəkildə fərqləndirilməlidir: “Ekspert rəylərinin keyfiyyətinə nəzarət formal rekvizit yoxlaması ilə məhdudlaşmamalıdır. Hər bir rəydə araşdırmaya təqdim olunan materialların siyahısı, tətbiq edilən metodlar və onların məhdudiyyətləri, qeyri-müəyyənlik və xəta intervalları, mümkün alternativ izahlar və yekun qənaətə gəlmə məntiqi aydın göstərilməlidir. Ekspert yalnız son nəticəni elan edən şəxs deyil, həmin nəticənin əldə olunma yolunu və elmi əsasını məhkəmə qarşısında müdafiə və izah edən peşəkar subyektdir. 

Bu, tərəflərin rəyi əsaslandırılmış şəkildə mübahisələndirmə imkanını artırır və məhkəmənin sübutları qiymətləndirmə keyfiyyətini yüksəldir. Dövlət və özəl ekspertiza qurumları arasındakı münasibətlər qarşıdurma və ya sıxışdırma üzərində deyil, qarşılıqlı tamamlanma və vahid keyfiyyət standartları əsasında formalaşmalıdır. Özəl sektorun inkişafı dövlət qurumlarının rolunu azaltmır. Əksinə, iş yükünün balanslaşdırılması, mürəkkəb və multidissiplinar işlərdə əməkdaşlıq, eləcə də peşəkar rəqabət hər iki tərəfin inkişafını stimullaşdırır”. 
Ekspert qeyd edir ki, məhkəmə isə rəyi ekspertin dövlət və ya özəl qurumda çalışmasına görə deyil, yalnız onun elmi əsaslılığına, tamlığına və obyektivliyinə görə qiymətləndirməlidir: “İnstitutun formalaşdırılması mərhələli yol xəritəsi ilə həyata keçirilməlidir. İlk mərhələdə yüksək tələbat olan və metodoloji standartları daha aydın müəyyənləşdirilə bilən sahələrlə başlamaq, keyfiyyət təminatı və təlim mexanizmlərini sınaqdan keçirmək, sonrakı mərhələlərdə isə əhatə dairəsini genişləndirmək daha etibarlı nəticə verir. Palatanın rəhbər və kollegial orqanlarında fərqli ixtisas sahələrinin təmsilçiliyi, büdcə-maliyyə şəffaflığı, qərarların əsaslandırılması və açıq peşəkar müzakirələr qurumun uzunmüddətli nüfuzunu təmin edəcək.

Nəticədə əsas məqsəd ekspertlərin sayını artırmaq deyil, məhkəmələr, hüquq-mühafizə orqanları, vətəndaşlar və sahibkarlar üçün etibarlı, müstəqil və yoxlanıla bilən ekspertiza mühiti yaratmaqdır. Ekspertin kim tərəfindən seçilməsi, hansı statusda fəaliyyət göstərməsi və xidmətin kim tərəfindən maliyyələşdirilməsi rəy nəticəsinin obyektivliyinə şübhə yaratmadıqda sistem öz məqsədinə çatmış sayılacaq. Məhkəmə ekspertizasının nüfuzu inzibati statusla deyil, hər bir rəyin arxasında dayanan bilik, metod, məsuliyyət və dürüstlüklə möhkəmlənir” - deyə, Yaqub İsgəndərov fikrini tamamlayır.

Paylaş:

Ən son xəbərlər