Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

“Azərbaycanın devalvasiya risklərini məhdudlaşdırmaq üçün güclü maliyyə imkanları var” - Deputat

Paylaş:
“Azərbaycanın devalvasiya risklərini məhdudlaşdırmaq üçün güclü maliyyə imkanları var” - Deputat
Bizi Google News-da izləyin

Son zamanlar ixrac gəlirlərində müşahidə edilən azalma və yüksələn inflyasiya devalvasiya ehtimalının olub-olmaması ilə bağlı müzakirələrin artmasına səbəb olub.

Pravda.az-a açıqlama verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, Azərbaycanın maliyyə dayanıqlığı devalvasiya ehtimalını zəiflədir.

Deputatın sözlərinə görə, milli valyutanın sabitliyi hər bir ölkənin iqtisadi təhlükəsizliyinin və əhalinin sosial rifahının mühüm göstəricilərindən biridir: “Son dövrlərdə ixracın ayrı-ayrı istiqamətlərində müşahidə olunan azalma və inflyasiya ilə bağlı müzakirələr manatın məzənnəsinə dair müəyyən suallar yaradır. Lakin Azərbaycanın mövcud makroiqtisadi göstəriciləri, dövlətin topladığı maliyyə ehtiyatları və xarici iqtisadi mövqeyi nəzərə alındıqda, yaxın perspektivdə devalvasiya ehtimalını yüksək qiymətləndirmək üçün ciddi iqtisadi əsas görünmür. İlk növbədə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminə diqqət yetirilməlidir. 2026-cı il sentyabrın 30-na ölkənin strateji valyuta ehtiyatları 89,38 milyard ABŞ dollarına çatıb. Bunun təxminən 74 milyard dolları Dövlət Neft Fondunun aktivlərinin, 15,4 milyard dolları isə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının payına düşür. Eyni tarixə xarici dövlət borcu cəmi 4,51 milyard dollar təşkil edib. Başqa sözlə, Azərbaycanın strateji ehtiyatları xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Bu göstərici ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək və mümkün iqtisadi təzyiqlərə qarşı dayanıqlığını qorumaq imkanlarının yüksək olduğunu təsdiqləyir. Digər mühüm amil dövlət büdcəsinin neft qiymətləri üzrə ehtiyatlı proqnozlar əsasında hazırlanmasıdır. Həm 2026-cı ilin büdcəsində, həm də 2027-ci ilin büdcə hesablamalarında neftin bir barelinin orta illik qiyməti 65 dollar qəbul edilib. Halbuki oktyabrın 26–30-da Azərbaycan neftinin orta qiyməti Ceyhan limanında 114,5 dollar, CIF bazasında isə 124,79 dollar təşkil edib. Bu fərq ölkənin neft gəlirləri baxımından əlverişli qiymət mühitinə malik olduğunu göstərir. Bununla yanaşı, faktiki büdcə daxilolmaları illik orta qiymətdən, hasilat həcmindən və gəlirlərin bölüşdürülməsi mexanizmindən asılıdır. Yüksək qiymətlərin yaratdığı üstünlük iqtisadi təhlükəsizliyin əlavə təminatı kimi qiymətləndirilməlidir. Neft-qaz sektorunda müəyyən azalma meyillərinin mövcudluğu da nəzərə alınmalıdır. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk səkkiz ayında neft-qaz sektoru üzrə ÜDM 0,8 faiz, doqquz ayın yekununda isə 1,2 faiz azalıb. Bununla belə, iqtisadiyyatın digər sahələrində artım davam edir. Xüsusilə dövlət büdcəsinin 2026-cı ilin yanvar-sentyabr aylarında 3,96 milyard manat profisitlə icra olunması maliyyə sabitliyi baxımından mühüm göstəricidir. 2027-ci ilin büdcə layihəsində nəzərdə tutulan kəsir də ölkənin ümumi fiskal imkanları və maliyyələşdirmə mexanizmləri çərçivəsində qiymətləndirilməlidir”.

R.Muradov qeyd edib ki, Mərkəzi Bankın son açıqlaması da valyuta bazarında sabitliyin davam etdiyini göstərir: “Cari ilin doqquz ayında xarici valyuta təklifi tələbi əhəmiyyətli dərəcədə üstələyib. Ölkənin xarici ticarətində 10,5 milyard dollarlıq müsbət saldo yaranıb. Sentyabrda illik inflyasiya 5,5 faiz təşkil edib və Mərkəzi Bankın müəyyən etdiyi hədəf diapazonunda qalıb. Belə şəraitdə qiymət artımını birbaşa devalvasiya təhlükəsi ilə əlaqələndirmək üçün kifayət qədər əsas mövcud deyil. Əlbəttə, beynəlxalq enerji bazarlarında uzunmüddətli qiymət azalması, ixrac həcmlərinin davamlı zəifləməsi və xarici valyutaya tələbin kəskin yüksəlməsi gələcəkdə əlavə iqtisadi təzyiqlər yarada bilər. Lakin hazırkı göstəricilər manatın mövcud məzənnəsinin qorunmasını daha əsaslı ssenari kimi qiymətləndirməyə imkan verir. Azərbaycanın iqtisadi siyasətində başlıca prioritet makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı və valyuta gəlirlərinin mənbələrinin şaxələndirilməsi olmalıdır. Ölkənin kifayət qədər böyük maliyyə ehtiyatlarına, aşağı xarici borc yükünə və müsbət xarici ticarət balansına malik olması bu istiqamətdə mühüm üstünlük yaradır. Mövcud iqtisadi reallıqlar göstərir ki, Azərbaycanın devalvasiya risklərini məhdudlaşdırmaq və milli valyutanın sabitliyini qorumaq üçün güclü maliyyə imkanları vardır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər