Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edib.
Konfransın Gənclər və Təhsil Günü çərçivəsində “Təhsilin yaşıllaşdırılmasında sübuta əsaslanan monitorinq, təcrübə mübadiləsi və əməkdaşlıq” sessiyası təşkil olunub.
Sessiya Azərbaycanın COP29-da irəli sürdüyü, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsün davamı kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, COP29 Sədrliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü, eləcə də COP31 Sədrliyi, Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi və UNESCO-nun dəstəyi ilə təşkil olunub.
Sessiyada çıxış edən Həsən Həsənli iştirakçıları Azərbaycanda iqlim savadlılığı istiqamətində görülmüş işlər barədə məlumatlandırıb. O, kurikulumun və milli standartların yenilənməsi, məzmunun hazırlanması, müəllimlərin peşəkar inkişafı üçün təşkil olunan təlimlər və qiymətləndirmə sahəsində görülən işlərdən danışıb, iştirakçı ölkələri birgə fəaliyyətə dəvət edib. Nazir müavini həmçinin Azərbaycanın OECD ilə birgə iqlim üzrə öyrənmə və qiymətləndirmə platformasının hazırlanmasına dəstək verdiyini qeyd edib.