Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Azərbaycanın təcrübəsindən istifadə Türkiyə ilə əməkdaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını təsdiqləyir - RƏY

Paylaş:
Azərbaycanın təcrübəsindən istifadə Türkiyə ilə əməkdaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını təsdiqləyir - RƏY
Bizi Google News-da izləyin

Qlobal iqlim dəyişikliklərinə qarşı mübarizənin beynəlxalq əməkdaşlıq və həmrəylik tələb etdiyi bir dövrdə Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi fəal mövqe, qazandığı təcrübəni digər ölkələrlə bölüşmək təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə COP29-a uğurla ev sahibliyi edən Azərbaycan bu gün həmin təcrübəni Türkiyənin COP31-ə hazırlıq prosesinə yönəltməklə beynəlxalq iqlim gündəliyinə töhfəsini davam etdirir. Bu dəstək, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyin, qarşılıqlı etimadın və həmrəyliyin mühüm göstəricisidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın COP31 Liderlər Zirvəsində Azərbaycanın əvvəlki COP prezidentliyi dövründə əldə etdiyi təcrübəni Türkiyə ilə bölüşməsinə görə ölkəmizə xüsusi təşəkkürünü bildirməsi də bu əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyir. Eyni zamanda, Azərbaycanın bu prosesdə iştirakı onun COP29-dan sonra da qlobal iqlim diplomatiyasında fəal mövqeyini qoruduğunu, beynəlxalq təşəbbüslərə töhfə vermək imkanlarını və artan nüfuzunu nümayiş etdirir. Beləliklə, COP31-ə verilən dəstək təkcə iki ölkə arasındakı qardaşlıq münasibətlərinin deyil, həm də Azərbaycanın beynəlxalq məsuliyyətə, regional əməkdaşlığa və qlobal problemlərin həllinə verdiyi önəmin ifadəsidir.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, beynəlxalq iqlim gündəliyində Azərbaycanın COP31 çərçivəsində təqdim etdiyi “Dialoq Dəhlizi” konsepsiyası ölkəmizin son illərdə formalaşdırdığı beynəlxalq iqlim diplomatiyasının məntiqi davamı və yeni mərhələsidir.

Komitə sədri bildirib ki, iqlim dəyişmələri artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində həll edilə biləcək məsələ olmaqdan çıxıb: “Bu problem enerji təhlükəsizliyindən su ehtiyatlarına, ərzaq təminatından sənaye siyasətinə, nəqliyyatdan regional sabitliyə qədər geniş bir sahəni əhatə edir. Belə şəraitdə dövlətlər arasında etimad, qarşılıqlı anlaşma və praktiki əməkdaşlıq xüsusi əhəmiyyət qazanır. Azərbaycanın COP29-da “Həmrəylik Evi”, COP30-da “İrs Zalı”, COP31-də isə “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış etməsi ölkəmizin beynəlxalq iqlim prosesində ardıcıl mövqeyini nümayiş etdirir. Bu konsepsiyaların hər biri müəyyən mərhələnin ideyasını ifadə edir. Bakıdan dünyaya verilən həmrəylik mesajı, Belem şəhərində vurğulanan irs və davamlılıq düşüncəsi Antalyada dialoqun konkret əməkdaşlığa və real nəticələrə çevrilməsi ideyası ilə tamamlanır. “Dialoq Dəhlizi” anlayışının mənası da məhz bu baxımdan genişdir. Burada söhbət yalnız fikir mübadiləsi aparılan məkandan getmir. Bu konsepsiya iki mühüm istiqaməti birləşdirir. Bir tərəfdən, ölkələr arasında siyasi və iqtisadi dialoqu, beynəlxalq tərəfdaşlığı, digər tərəfdən isə enerji infrastrukturunun fiziki bağlantılarını nəzərdə tutur”.

S.Qurbanovun sözlərinə görə, bu yanaşmanın ən mühüm üstünlüyü dialoqu konkret layihələrlə əlaqələndirməsidir: “Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Mərkəzi Asiyanın zəngin bərpaolunan enerji potensialı ilə Avropanın artan enerji tələbatı arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir. Bu istiqamətdə Xəzər dənizi–Qara dəniz–Avropa marşrutu, Türkiyə, Gürcüstan və Bolqarıstan üzərindən formalaşan bağlantılar, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq və digər yaşıl enerji layihələri strateji əhəmiyyət daşıyır. COP31-də Azərbaycan pavilyonunda dörd yaşıl enerji dəhlizi üzrə təşəbbüslərin təqdim edilməsi də bu baxışın ifadəsidir. Xüsusilə, gələcəyin enerji təhlükəsizliyi yalnız enerji istehsalının artırılması ilə təmin olunmayacaq. İstehsal gücləri ilə yanaşı, elektrik şəbəkələrinin ötürücülük imkanları, enerji saxlama sistemləri, rəqəmsal idarəetmə və ölkələrarası bağlantılar da eyni dərəcədə vacib olacaq. Günəş və külək enerjisinin istehsalı hava şəraitindən asılı olduğuna görə, bu enerjinin saxlanması və istehlakçılara etibarlı şəkildə çatdırılması xüsusi texnoloji infrastruktur tələb edir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, ölkənin ilk şəbəkə miqyaslı batareya enerji saxlanc sisteminin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan Yaşıl Enerji Zonası bu istiqamətdə atılan mühüm addımlardır. Müasir dövrdə enerji keçidi həm yeni elektrik stansiyalarının tikintisini, həm də bütöv enerji sisteminin yenilənməsini tələb edir. Digər tərəfdən, “Dialoq Dəhlizi” konsepsiyası Xəzər dənizinin ekoloji problemlərini də beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi önə çıxarır. Xəzərin su səviyyəsindəki dəyişikliklər, biomüxtəlifliyin qorunması, nərə balıqlarının və Xəzər suitisinin mühafizəsi sahilyanı dövlətlərin birgə fəaliyyətini zəruri edir. Bu dənizin ekoloji vəziyyəti yalnız bir ölkənin səyləri ilə qoruna bilməz. Burada elmi məlumat mübadiləsi, müştərək monitorinq, razılaşdırılmış tədbirlər və davamlı maliyyələşmə mexanizmləri vacibdir”.

Deputat vurğulayıb ki, COP31-də Azərbaycan pavilyonunda 40-dan çox tədbir, müzakirə və ikitərəfli görüş üçün platforma yaratması da bu əməkdaşlıq imkanlarının genişliyini göstərir: “Dövlətlər, beynəlxalq maliyyə institutları, özəl sektor və elmi qurumlar arasında qurulan əlaqələr iqlim təşəbbüslərinin maliyyələşdirilməsi və həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün dünya enerji keçidini müzakirə edərkən mühüm bir reallığı da nəzərə almalıdır. Süni intellektin, məlumat mərkəzlərinin, rəqəmsal iqtisadiyyatın və yeni sənaye texnologiyalarının sürətli inkişafı elektrik enerjisinə və strateji resurslara tələbatı daha da artırır. Deməli, gələcəyin enerji siyasəti həm ekoloji məsuliyyətə, həm də iqtisadi və texnoloji reallıqlara əsaslanmalıdır. Bu prosesdə neft-qaz resurslarına malik ölkələrin təcrübəsi, maliyyə imkanları və enerji infrastrukturu da qlobal keçidin mühüm komponentlərindən biri olaraq qalacaq. Azərbaycanın yanaşması məhz bu reallıqları uzlaşdırmağa yönəlib. Ölkəmiz ənənəvi enerji sahəsindəki mövqeyini qorumaqla yanaşı, bərpaolunan enerji mənbələrinə, elektrik ötürücü şəbəkələrə, enerji saxlama texnologiyalarına və beynəlxalq yaşıl enerji bağlantılarına investisiyalar cəlb edir. Bu, enerji təhlükəsizliyi ilə ekoloji hədəflərin paralel inkişafına əsaslanan praqmatik siyasətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji və xarici siyasət Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini gücləndirib. Bu gün qarşımızda duran vəzifə həmin təcrübəni yeni texnologiyalar, yaşıl enerji və beynəlxalq tərəfdaşlıq imkanları ilə zənginləşdirməkdir. “Dialoq Dəhlizi” konsepsiyasının əsas mesajı da burada ifadə olunur. Azərbaycan coğrafi mövqeyini, enerji potensialını və diplomatik imkanlarını birləşdirərək regionlar arasında yeni əməkdaşlıq platforması formalaşdırmağa çalışır. Bu platformanın uğuru dialoqun sayından daha çox, onun nəticəsində yaranan layihələr, qurulan bağlantılar, cəlb olunan investisiyalar və əldə edilən ekoloji nəticələrlə ölçüləcək. İnanıram ki, Azərbaycan COP29-dan sonra qazandığı beynəlxalq təcrübəni COP31-də yeni əməkdaşlıq təşəbbüsləri ilə inkişaf etdirəcək və ölkəmizin yaşıl enerji, iqlim diplomatiyası və regional bağlantılar sahəsindəki mövqeyini daha da möhkəmləndirəcək”.

Politoloq Yusif Bağırzadə isə deyib ki, Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında əldə etdiyi təcrübənin və Türkiyə ilə strateji müttəfiqliyinin növbəti dəfə nümayiş etdirilməsi baxımından mühüm hadisədir: 

Yusif Bağırzadə: “Azərbaycanın və Hindistan münasibətlərində fəallaşma ölkənin xarici siyasətində dönüş kimi qiymətləndirilməməlidir”


“Xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın COP31 Liderlər Sammitində çıxışı zamanı Azərbaycanın konfransın hazırlanmasına verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirməsi bu əməkdaşlığın əhəmiyyətini bir daha ön plana çıxarıb. Ərdoğan Azərbaycanın və Braziliyanın əvvəlki COP sədrliyi dövründə qazandıqları təcrübəni Türkiyə ilə bölüşməsini yüksək qiymətləndirib. Bu açıqlama sadəcə diplomatik nəzakət ifadəsi deyil, həm də Azərbaycanın COP29 çərçivəsində formalaşdırdığı təşkilati və siyasi təcrübənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Məlumdur ki, Azərbaycan 2024-cü ildə Bakıda COP29-a ev sahibliyi etməklə iqlim diplomatiyasının ən mürəkkəb beynəlxalq platformalarından birinin təşkilində mühüm məsuliyyət daşıyıb. Həmin təcrübə yalnız yüksək səviyyəli tədbirin təşkili ilə məhdudlaşmayıb, müxtəlif maraqlara malik dövlətlər arasında danışıqların aparılması, iqlim maliyyələşdirilməsi məsələlərinin irəli çəkilməsi və beynəlxalq konsensusun əldə olunması istiqamətində də əhəmiyyətli institusional bilik və bacarıqlar formalaşdırıb. Türkiyənin bu təcrübədən geniş istifadə etməsi isə COP sədrliyi prosesində institusional davamlılığın vacibliyini göstərir. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayevin açıqlamasından da məlum olur ki, azərbaycanlı məsləhətçilər COP31-ə hazırlığın ilk günlərindən Türkiyə komandası ilə birgə çalışıb və tədbirin təşkilində mühüm rol oynayıblar. Bu əməkdaşlıq iqlim maliyyələşdirilməsi, emissiyaların azaldılması, elektrikləşdirmə və təmiz enerjiyə keçid kimi məsələləri də əhatə edir. Burada diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Türkiyə əməkdaşlığının ikitərəfli münasibətlər çərçivəsini aşaraq qlobal problemlərin həllinə yönəlmiş beynəlxalq tərəfdaşlıq modelinə çevrilməsidir. Azərbaycan 2025-ci ilin dekabrından etibarən Türkiyəyə COP31 hazırlığında hərtərəfli dəstək göstərməyə hazır olduğunu bəyan etmiş, sonrakı mərhələdə isə bu siyasi niyyət konkret praktiki əməkdaşlıqla müşayiət olunmuşdur. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın da Azərbaycanın COP29 təcrübəsindən geniş şəkildə istifadə edildiyini xüsusi vurğulaması bu əməkdaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını təsdiqləyir”.

Politoloq deyib ki, COP31 Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından da əlavə imkanlar yaradır: “Bakı COP29 vasitəsilə qlobal iqlim gündəliyində özünəməxsus mövqe qazanıbsa, Antalya sammitində Türkiyəyə göstərilən dəstək Azərbaycanın bu sahədə qazandığı təcrübəni davamlı beynəlxalq əməkdaşlıq resursuna çevirdiyini göstərir. Ölkəmizin milli pavilyonunda yaşıl enerji potensialının, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələrinin, Xəzər dənizinin külək enerjisi imkanlarının və beynəlxalq yaşıl enerji dəhlizlərinin təqdim edilməsi də bu baxımdan əhəmiyyətlidir. Beləliklə, Azərbaycan özünü yalnız ənənəvi enerji təchizatçısı deyil, həm də enerji transformasiyasında iştirak edən tərəfdaş kimi təqdim etmək imkanı əldə edir. Digər tərəfdən, COP31 Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin beynəlxalq miqyasda nümayişi üçün mühüm platformadır. İki ölkənin enerji təhlükəsizliyi, nəqliyyat, regional bağlantılar və iqtisadi əməkdaşlıq sahələrində formalaşdırdığı tərəfdaşlıq modeli artıq ekoloji və iqlim diplomatiyası istiqamətində də genişlənir. Bu, Şuşa Bəyannaməsi ilə təsbit edilmiş müttəfiqlik münasibətlərinin müxtəlif beynəlxalq platformalarda praktik əməkdaşlıqla möhkəmləndirilməsinin nümunəsidir. Beləliklə, Azərbaycanın COP31-in hazırlanmasına verdiyi dəstək həm ölkəmizin COP29-dan sonra qazandığı beynəlxalq təcrübənin davamlılığını, həm də Türkiyə ilə strateji müttəfiqliyin konkret məzmununu nümayiş etdirir. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana xüsusi təşəkkürü bu əməkdaşlığın siyasi səviyyədə də yüksək qiymətləndirildiyini göstərir. Ən vacib məqam isə bundan ibarətdir ki, Bakı artıq beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, digər ölkələrin qlobal təşəbbüslərinin həyata keçirilməsinə də töhfə verən tərəfdaş kimi çıxış edir”.

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.  

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər