Noyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib. Qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir.
Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin düşməsinin qarşısını almaq və itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək məqsədilə bütün müvafiq tədbirləri görmək barədə çağırış vurğulanır.
Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamədə dövlətlər itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində, o cümlədən dəfn yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və qorunub saxlanılması yolu ilə əməkdaşlığa çağırılır. Qətnamədə bu kontekstdə, ilk dəfə olaraq, fərdi, kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad edilir.