Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Homeline" tikinti şirkətinin direktoru Alik Quliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs müxtəlif şəxsləri torpaq sahələrinin sənədləşdirilməsi, tikinti layihələrinə şərik edilmə, mebel sifarişlərinin hazırlanması və mənzillərin təmiri ilə bağlı yalan vədlərlə aldadaraq onlardan külli miqdarda pul vəsaiti almaqda ittiham olunub.
Belə ki, Alik Quliyev tamah niyyəti ilə hərəkət edərək müxtəlif vaxtlarda etibardan sui-istifadə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirmək məqsədilə fəaliyyət göstərib.
Cinayət işi materiallarında göstərilir ki, epizodlardan biri zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub. Təqsirləndirilən şəxs özünü torpaq sahələri və daşınmaz əmlaklara çıxarış almaq imkanına malik etibarlı şəxs kimi təqdim edib. O, zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi 60 sot torpaq sahəsinin 36 sot hissəsinə çıxarış alacağını vəd edib.
Alik bu vədlərlə S.S.-in etibarını qazanaraq əvvəlcə 2022-ci ilin oktyabr ayında zərərçəkmişin kürəkəni vasitəsilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində 80 000 manat pul alıb. Bundan bir müddət sonra isə eyni məqsədlə S.S.-dən əlavə olaraq 60 000 manat pul vəsaiti əldə edib.
Beləliklə, istintaqın qənaətinə görə, həmin epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 140 000 manat məbləğində maddi ziyan vurulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Alik əldə etdiyi vəsaitləri vəd etdiyi məqsədlər üçün istifadə etməyərək şəxsi ehtiyaclarına sərf edib.
Cinayət işi materiallarında göstərilir ki, növbəti epizod zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) biznes layihəsinə investisiya yatırması adı altında aldadılması ilə bağlı olub. Təqsirləndirilən şəxs özünü iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxsdə maddi imkanları geniş olan sahibkar görüntüsü yaradıb.
O, D.D.-yə Tovuz rayonu ərazisində yerləşən “Ayan Palace” otelinin həyətində üç villa tikintisi layihəsini əldə edə biləcəyini və həmin layihəyə onu da şərik edəcəyini bildirib. Alik layihədən yüksək gəlir əldə olunacağını vəd edərək zərərçəkmiş şəxsin etibarını qazanıb. 2023-cü ildə Bakı şəhərində yerləşən restoranların birinin həyətində keçirilən görüş zamanı S.S.-dən 65 000 manat pul vəsaiti alıb. Həmin pul vəsaiti də vəd olunan layihəyə yönəldilməyib və şəxsi məqsədlər üçün istifadə olunub.
Bu epizod üzrə zərərçəkmiş şəxsə 65 000 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.