Qayınanasını öldürməkdə təqsirləndirilən Ruhanə İmanovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.
İttihama görə, hadisə müalicə məqsədilə dişə taxılan breketə görə baş verib.
Belə ki, gəlinin dişlərinə həmin cihazı taxdırması 55 yaşlı qayınanası Xalidə Manafovanın xoşuna gəlməyib. Bu mövzuda başlayan mübahisə nəticəsində iki azyaşlı uşaq anası Ruhanə İmanova qayınanasını bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.
Ruhanə məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Amma bu cinayəti birdən-birə, səbəbsiz törətmədiyini iddia edib.
İş materiallarında yazır ki, Ruhanə əvvəlcə qayınanasının ölümünü intihar kimi qələmə vermək istəyib. Elə ərinə zəng edəndə də anasının özünü bıçaqladığını deyib. Amma polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra şöbədə hər şeyi etiraf edib.
Məhkəmədə qətlə yetirilən qadının oğulları da ifadə verib. Ruhanənin əri şahid kimi ifadə versə də, qardaşı mərhumun hüquqi varisi qismində tanınıb. O, anasını öldürdüyü üçün qardaşı arvadının ən ağır şəkildə cəzalandırılmasını xahiş edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhanə İmanova 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib, təqsirləndirilən şəxsə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Kamal Məmmədov