İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlillik müavinətinin dayandırılmasından şikayətçidir.
İmran Əzizov deyir ki, 1992-1996-cı illərdə Birinci Qarabağ müharibəsində iştirak edib. Müharibə zamanı onda epilepsiya xəstəliyi yaranıb.
Hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşayan İmran Əzizovun sözlərinə görə, 1996-cı ildən epilepsiya xəstəliyi səbəbindən ona 2-ci dərəcə əlillik təyin olunub. 30 il əlilliklə bağlı müavinət aldığını xatırladaq İmran Əzizov, əslində 10 ildən sonra ona müddətsiz əlillik təyinatı aparılmalı olduğunu, amma nədənsə bunun edilmədiyini vurğulayıb. Dediyinə görə, sonuncu dəfə bu ilin aprel ayında Respublika Əlillərin Bərpa Mərkəzində müvafiq komissiyadan keçib. O iddia edir ki, müayinə zamanı da epileptik tutma baş verib. Müayinədən bir müddət sonra isə əlillik təyinatından imtina olunduğunu öyrənib. Səbəb də göstərilib ki, o, Respublika Əlillərin Bərpa Mərkəzində təkrar müayinə olunmalıdır. Odur ki, təkrar müayinə üçün yenidən Respublika Əlillərin Bərpa Mərkəzinə üz tutub. Lakin burada deyilib ki, təkrar müayinə apara bilməzlər. Bildirilib ki, onlar müayinəni bir dəfə aparırlar. Beləlklə, İmran Əzizovun müavinəti dayandırılıb. Bundan sonra ona dövlət tərəfindən verilən dərmanlar da kəsilib.
Məktəb yaşlı iki övlad atası olan İmran Əzizov hazırda 80 manat təqaüdün ümidinə qaldıqlarını və ailəsinin çətin vəziyyətə düşdüyünü deyir. Tez-tez epileptik tutmalarının olduğunu, sonuncu dəfə bu günlərdə baş verdiyini deyən şikayətçi həmin vaxt ağır xəsarətlər aldığını xatırladır.
İş qabiliyyətinin olmadığını söyləyən İmran Əzizov mövcud durumla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini, lakin nəticə əldə edə bilmədiyini bildirir. İmran Əzizov, həyat yoldaşının epileptik tutmaya görə onu nəzarətdə saxlamaq üçün işləyə bilmədiyini də vurğulayır.
Məsələ ilə bağlı Xezerxeber.az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma-88 göndərişi əsasında 23.04.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib.