Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Belarus, Rusiya, Ukrayna, Fransa, Serbiya, ABŞ və digər ölkələrdən 46 vətəndaş cəmiyyəti təşkilatının Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə etiraz etməsinə və iştirakçı dövlətləri buna imkan verməmək barədə çağırışlara münasibət bildirib.
E.Məmmədyarov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməlidir.
Sabiq nazir Azərbaycanın hər hansı təşkilata sədrliyi ilə bağlı əvvəlcədən görülməli olan işlər barədə öz təcrübəsindən irəli gələn bir sıra məqamlara toxunub: “Məsələn, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə sədr seçiləndə rəqibimiz Macarıstan və Sloveniya idi. Nyu-Yorkda iki gün səsvermə davam etdi. Səfirliklərimizin fərqli-fərqli ölkələrdə iş aparmalarına baxmayaraq, şəxsən səsvermədən öncə iki ilə yaxın ölkələrin paytaxtlarına səfər etmişdim. övlət rəhbərlərinə, həmkarlarıma sübut edirdim ki, Azərbaycana səs versələr, hansı istiqamətdə iş aparacağıq. Proqram təqdim edirdik ki, BMT-yə üzv ölkələr nə üçün Azərbaycana səs verməlidirlər. Hazırda ATƏT-ə sədrliklə bağlı səsvermədən öncə paytaxtlarda iş aparılıb-aparılmaması barədə məlumatım yoxdur. Doğrudan da, 46 ölkə səs verməsə... Bu barədə Xarici İşlər Nazirliyi məlumat verməlidir. Çünki sədrliklə bağlı əvvəlcədən proqram tutulmalı, Azərbaycanın sədr seçildiyi təqdirdə hansı istiqamətdə işlər aparılacağı barədə məlumat verilməlidir. Asan məsələ deyil. ATƏT-ə üzv ölkələrdən hansısa Azərbaycana səs versə, deməli, Azərbaycanın sədrlik dövründə öz işini hansı istiqamətdə quracağını tam şəkildə başa düşür”.
Aytəkin Qardaşova