Bakı Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Məhərrəm Məhərrəmovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə həmin hissədə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Hökm Məhərrəm Məhərrəmovun Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama əsasən, Məhərrəm Məhərrəmov 2025-ci ildə tanışı M.İsrafilzadə ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən kafedə görüşüb. Görüş zamanı təqsirləndirilən şəxs M.İsrafilzadənin nənəsinə məxsus, onun istifadəsində olan “iPhone 15” markalı mobil telefonu kənarda danışmaq bəhanəsi ilə istəyib.
Telefonun üzərində mobil nömrə də olub və cihazın ümumi dəyəri 2 010 manat təşkil edib. Təqsirləndirilən şəxs telefonu aldıqdan sonra kafedən uzaqlaşıb və geri qayıtmayaraq onu mənimsəyib.
Bununla da Məhərrəm Məhərrəmov zərərçəkmiş şəxsə 2 010 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.
İttihamda daha bir dələduzluq epizodu da yer alıb.
Belə ki, təqsirləndirilən şəxs 2025-ci ildə tanıdığı digər şəxslə Sumqayıt şəhərinin 12-ci mikrorayonunda yerləşən “Şaurma” restoranında görüşüb. Həmin görüş zamanı Məhərrəm Məhərrəmov zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) məxsus “iPhone 15 Pro” markalı mobil telefonu da kənarda danışmaq bəhanəsi ilə alıb.
Telefonun dəyərinin 1 500 manat, üzərində olan mobil nömrənin dəyərinin isə 10 manat olduğu bildirilib.
Məhərrəm Məhərrəmovun telefonu götürdükdən sonra uzaqlaşdığı və geri qayıtmayaraq mobil cihazı mənimsədiyi qeyd olunur. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 1 510 manat maddi ziyan vurulduğu bildirilir.
Cinayət işinin digər epizodları isə hədə-qorxu ilə tələb etmə ittihamı ilə bağlıdır.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının sonlarında “TikTok” sosial şəbəkəsi vasitəsilə Familə Əsədova (adı, soyadı şərtidir) ilə tanış olub. Sonra qarşılıqlı razılıq əsasında onun Bakı şəhəri, Binəqədi rayonunu ərazisində yerləşən evinə gedib. Həmin vaxt onların şəxsi münasibətləri zamanı çəkilən video və fotoşəkilləri Məhərrəm Məhərrəmov mobil telefonu ilə gizli şəkildə qeydə alaraq saxlayıb. Daha sonra isə o, həmin görüntüləri qadının həyat yoldaşına göstərib və onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək pul tələb edib.