Bakılı məktəbli qızlar Məryəm Nəcəfova və Solmaz Hacılı xeyriyyə məqsədilə 700-dən çox kitab toplayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayan uşaqlara hədiyyə ediblər.
Pravda.az xəbər verir ki, “Oxu və paylaş” adlı layihə 4 noyabrda Bakı Avropa Liseyində keçirilən Zəfər Günü tədbirində təqdim olunub.

Belə ki, şagirdlər 2026-cı ilin may ayında “Impact Duo Team” adlı könüllü komanda yaradıblar. Layihənin məqsədi Qarabağdakı uşaqların oxuması üçün onlara kitab çatdırmaq və mütaliəni təşviq etməkdir. Kitabların əksəriyyəti bədii ədəbiyyat, bir hissəsi isə əlavə dərs vəsaitləridir. Həmçinin kitablar uşaqların yaşına görə çeşidlənib. Qırmızı Ürəklər Fondu isə layihəyə 100 kitab hədiyyə edib.
Kitablar mərhələ formasında paylanılıb. 2026-cı il, 3 oktyabrda isə gənclər “Karabakh Training Center”in Xankəndidə təşkil etdiyi “VətəndəSən” Qarabağ Təhsil Forumunda stend açaraq kitabları uşaqlara pulsuz paylayıblar.