“Burada büdcə müzakirələrindən istifadə edərək bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm. Biz burada bunları danışmayanda seçicilər deyirlər ki, sən orada niyə oturmusan? Halbuki mən çıxış üçün on nəfərlik siyahıya düşə bilmirəm. Yeri gəlmişkən, deyim, söz ürəyimdə qalmasın, parta yoldaşımla eyni anda əlimizi düymənin üstünə qoyduq, sinxron qaydada basdıq və əlimizi çəkdik. Jalə xanım ikinci oldu, mən 44-cü. Heç cür anlaya bilmirəm”.
Bunu deputat Səyyad Aran "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ötən il sentyabrın 23-də “Azərişıq”a məktub yazıb, Varxan kəndində nəhəng beton dirəyin təhlükə törətdiyini bildirib: “Nəhəng beton dirək yıxılmaq üzrədir, dirəyə taxtadan, ağac kötüyündən dayaq veriblər. Ay rəhmətliyin oğlu, bu dirək aşsa və həmin vaxt oradan keçən maşının üstünə düşsə, maşındakı insanlar həlak olsa, sən canını hara qoyacaqsan? Axı mən keçən il sentyabrın 23-də məktub yazmışam. Cavab yoxdur”.
Səyyad Aran Varxan kənd məktəbinin təmirə ehtiyacı olduğunu da bildirib: "Məktəbin yaxınlığında açıq transformator da var, uşaqlar orada futbol oynayırlar. Top gedib transformatorun yanına düşür. Məktub yazmışam ki, gəlin, burada mühafizə çəpəri tikin. Niyə gəlmirsiniz? Niyə bu müraciətləri qulaqardına vurursunuz? O cümlədən, ərazimdə Hacıqasımlı, Kamallı, Musalı, Nərimanov və Nurulu kəndlərinin qazı yoxdur. Bu kəndlərin, eləcə də İmişlinin yeddi kəndinin qazlaşdırılması nə vaxta qədər təxirə salınacaq? Olmazmı ki, bu altı-yeddi kəndi qazlaşdırıb həmin rayonların qarşısına bir müsbət göstərici qoyasınız? İmişlidə və Saatlıda qazlaşdırma işləri aparılsın. Bu, sadə bir həqiqətdir.