“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının 2026-cı il hesabatında jurnalistlərə qarşı hücumların və informasiya azadlığının məhdudlaşdırılmasının qeydə alındığı, mətbuat azadlığının təmin olunmadığı ölkələr sırasında Azərbaycanın da adı yer alıb.
Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova hesab edir ki, “Sərhədsiz Reportyorlar” təşkilatının Azərbaycanla bağlı hesabatlarına qiymət verərkən ilk növbədə onun hansı siyasi və institusional mühitdə fəaliyyət göstərdiyinə diqqət yetirmək lazımdır.
Deputat qeyd edib ki, mövcud təşkilatın mənzil-qərargahı Parisdə yerləşir, özü Fransa mənşəli qurumdur, üstəlik, təşkilatın özünün açıqladığı maliyyə məlumatlarında Fransa və beynəlxalq dövlət subsidiyalarının onun maliyyə mənbələri sırasında olduğu göstərilir: “Bu faktlar təşkilatın Fransa dövləti tərəfindən idarə olunduğunu sübut etmir, lakin onun institusional və maliyyə mühitinin araşdırılmasını zəruri edir. Məsələnin siyasi tərəfi isə daha maraqlıdır. Son illərdə Fransa ilə Azərbaycan arasında münasibətlərin ciddi şəkildə gərginləşməsinin səbəblərindən biri Parisin Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqe olub. Fransa rəsmiləri Ermənistanı açıq şəkildə dəstəkləyib, bu ölkəyə hərbi texnika və silah tədarük edib, Azərbaycanla bağlı müxtəlif beynəlxalq platformalarda sərt bəyanatlarla çıxış ediblər. Fransa prezidenti Emmanuel Makronun 2025-ci ilin yanvarında Azərbaycanı Ermənistanla bağlı hadisələrdə ittiham edən açıqlamaları da bu siyasi yanaşmanın nümunələrindəndir. Belə bir şəraitdə Fransada fəaliyyət göstərən, maliyyə mənbələri arasında dövlət subsidiyaları da olan beynəlxalq təşkilatın Azərbaycanla bağlı qiymətləndirmələrinin siyasi kontekstdən tamamilə kənar olduğunu iddia etmək çətindir. Ən azı, burada obyektivlik və institusional müstəqillik məsələsi ciddi müzakirə mövzusudur. Mənim diqqət çəkdirmək istədiyim əsas məqam budur: Fransa siyasi rəhbərliyinin Azərbaycana münasibəti ilə RSF-in Azərbaycan haqqında formalaşdırdığı mənzərə arasında paralellərin olub-olmadığı araşdırılmalıdır. Çünki bir tərəfdən Fransa rəsmiləri ölkəmizə qarşı sərt siyasi ritorika nümayiş etdirir, digər tərəfdən Fransada qərargahı yerləşən beynəlxalq təşkilat Azərbaycanı ardıcıl şəkildə ən aşağı göstəricilərlə təqdim edir. Bu uyğunluq özlüyündə siyasi sifarişi sübut etməsə də, suallar doğurur. Digər mühüm məsələ RSF-in hesabatlarında hansı faktlara üstünlük verməsi, hansı mənbələrə istinad etməsi və Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə yer ayırmasıdır”.
E.Akimova bildirib ki, beynəlxalq təşkilatların hesabatları birtərəfli məlumatlar əsasında deyil, bütün tərəflərin mövqeləri və yoxlanılmış faktlar əsasında hazırlanmalıdır: “Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan mətbuat azadlığı və jurnalistlərin hüquqları ilə bağlı beynəlxalq tənqidlərdən çəkinməməlidir. Ancaq bu sahədəki problemlər konkret faktlarla müzakirə olunmalıdır. Ölkənin beynəlxalq nüfuzuna zərbə vuran, onu əvvəlcədən müəyyənləşdirilmiş siyasi qəliblərdə təqdim edən yanaşmalarla da razılaşmaq olmaz. Heç bir beynəlxalq təşkilat özünə mütləq həqiqət sahibi statusu verə bilməz. Mətbuat azadlığını müdafiə etmək adı altında siyasi münasibətlərin və geosiyasi maraqların təsirinə düşmək həmin missiyanın mahiyyətinə ziddir. Azərbaycan da özünə qarşı belə yanaşmalarla faktlar, arqumentlər və prinsipial mövqe ilə mübarizə aparmalıdır”.
Şəhanə Qədirli