Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Erməni xalqı bölgədə sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanın haqlı və ədalətli mövqeyi nəzərə alınmalıdır”

Paylaş:
Deputat: “Erməni xalqı bölgədə sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanın haqlı və ədalətli mövqeyi nəzərə alınmalıdır”
Bizi Google News-da izləyin

Ermənistan baş nazirinin aparat rəhbəri Lilit Makunts deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini yekun olaraq imzaladıqdan sonra beynəlxalq instansiyalarda Azərbaycana qarşı qaldırdığı iddiaları geri götürə bilər. Bu isə Ermənistan tərəfinin ərazi iddialarını dəyişdirmədiyi təqdirdə sülh müqaviləsinin imzalanıb imzalanmayacağı ilə bağlı müzakirələr yaradıb.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Samir Vəliyev bildirib ki, hazırda Cənubi Qafqaz regionunda sabitlik hökm sürür. 

Deputat qeyd edib ki, bu sabitliyin dayanıqlı sülhə çevrilməsi bölgə xalqlarının maraqlarına uyğundur: “Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar bölgədə sülhün təmin olunması üçün ciddi əsaslar verir. Vaşinqton Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması tarixi hadisədir. Bu görüşdən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Həmin görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir”.

S.Vəliyev vurğulayıb ki, belə bir şəraitdə bu günlərdə Ermənistanın baş nazirinin aparat rəhbərinin sülh sazişi ilə bağlı açıqlaması prosesə heç bir təsir edə bilməz: “Nəzərə alaq ki, sülh sazişinin indiyədək imzalanmamasının səbəbi Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmamasıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu ölkənin konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra sülh sazişi imzalanacaq. Erməni tərəfi isə konstitusiya dəyişiklikləri ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini açıqlamışdı. Paşinyan yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müstəqillik bəyannaməsinə istinad edilməməsinin zəruriliyini vurğulayıb. Əgər gələn il referendum keçrilərsə və ermənilər yeni layihəyə səs verərsə, sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq”.

Deputatın sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması rəsmi Bakının prinsipial mövqeyidir: “Yəni, erməni tərəfi bu addımı atmayacaqsa, sülh sazişi də imzalanmayacaq. Erməni rəsmilərinin məlumatına görə, bu ay yeni konstitusiya layihəsinin mətni ictimaiyyətə açıqlanacaq. Açıqlandıqdan sonra biz qarşı tərəfin sülhə nə dərəcədə hazır olduğunu görəcəyik. Yəni, seçim Ermənistanındır. Əgər erməni xalqı bölgədə sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanın haqlı və ədalətli mövqeyi nəzərə alınmalıdır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər