Maliyyə naziri Sahil Babayevin inflyasiya barədə açıqladığı rəqəmlər müzakirə yaradıb. Nazir hazırda Azərbaycanda inflyasiyanın 5.7 % olduğunu, gələn il isə bu rəqəmin 5,3 %-ə enəcəyinin proqnozlaşdırıldığını bildirib. Hazırkı sürətli bahalaşma fonunda bu rəqəmlərin real olmadığı iddia edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə Pravda.az-a açıqlamasında deyib ki, 2027-ci ildə orta illik inflyasiyanın 5,3 faiz səviyyəsində proqnozlaşdırılması Azərbaycanın mövcud makroiqtisadi göstəricilərinə, pul-kredit siyasətinə və dövlətin fiskal intizam prinsiplərinə əsaslanan iqtisadi qiymətləndirmədir.
Deputatın sözlərinə görə, bu rəqəmə yalnız bazarda ayrı-ayrı məhsulların qiymət dəyişiklikləri prizmasından yanaşmaq düzgün olmaz: “İlk növbədə nəzərə almalıyıq ki, inflyasiya bütün istehlak səbəti üzrə qiymətlərin ümumi dəyişməsini ifadə edir. Ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dinamikası fərqlidir. Məsələn, bəzi ərzaq məhsullarının qiymətində daha yüksək artım müşahidə olunduğu halda, digər məhsul və xidmətlər üzrə qiymət dəyişikliklərinin nisbətən aşağı olması ümumi inflyasiya göstəricisinə təsir edir. İnflyasiyanın 5,3% olması qiymətlərin enməsi deyil, onların ümumi artım tempinin müəyyən səviyyədə saxlanılmasının proqnozlaşdırıldığı deməkdir. Rəsmi göstəricilərə əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında orta illik inflyasiya 5,7 faiz təşkil edib. Növbəti il üçün 5,3 faizlik proqnoz qiymət artımının tədricən zəifləməsi ssenarisinə əsaslanır. Burada manatın məzənnəsinin sabitliyi, valyuta bazarındakı tarazlıq, beynəlxalq ərzaq və əmtəə qiymətlərinin dinamikası mühüm amillərdir. Azərbaycanın strateji valyuta ehtiyatları, fiskal dayanıqlılıq siyasəti və Mərkəzi Bankın pul-kredit tənzimləmə mexanizmləri makroiqtisadi sabitliyin qorunması üçün əhəmiyyətli imkanlar yaradır. Dövlət büdcəsinin planlaşdırılmasında konservativ yanaşmanın tətbiqi də inflyasiya təzyiqlərinin idarə olunmasına xidmət edir. Bununla yanaşı, inflyasiya proqnozu dəyişməz təminat deyil. Dünya bazarlarında ərzaq qiymətlərinin kəskin dəyişməsi, geosiyasi gərginlik, idxal xərcləri və təchizat zəncirlərində mümkün pozuntular qiymət dinamikasına təsir göstərə bilər. Buna görə proqnozların mütəmadi yenilənməsi və iqtisadi risklərin qabaqlayıcı qiymətləndirilməsi vacibdir. Dövlətin iqtisadi siyasətində əsas məqsəd yalnız inflyasiyanı statistik göstərici kimi müəyyən həddə saxlamaq deyil, qiymət sabitliyinin vətəndaşların real alıcılıq qabiliyyətinin qorunmasına xidmət etməsini təmin etməkdir. Bu baxımdan, daxili istehsalın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, bazarlarda sağlam rəqabətin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, mövcud makroiqtisadi şərtlər qorunarsa, 2027-ci ildə 5,3 faizlik orta illik inflyasiya göstəricisinə nail olunması mümkündür. Bu proqnozun reallaşması həm xarici iqtisadi mühitdən, həm də həyata keçirilən pul-kredit və fiskal siyasətin nəticələrindən asılı olacaq. Azərbaycan dövlətinin əsas prioriteti makroiqtisadi sabitliyi qorumaqla yanaşı, iqtisadi artımın nəticələrinin vətəndaşların rifahına, gəlirlərinin alıcılıq qabiliyyətinə və uzunmüddətli sosial-iqtisadi inkişafa xidmət etməsidir”.
Aytəkin Qardaşova