Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Qorxuya qapılmaq deyil, dünyada baş verənləri düzgün qiymətləndirmək lazımdır”

Paylaş:
Deputat: “Qorxuya qapılmaq deyil, dünyada baş verənləri düzgün qiymətləndirmək lazımdır”
Bizi Google News-da izləyin

“Dünyada hazırda kifayət qədər mürəkkəb və ziddiyyətli geosiyasi proseslər gedir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik, ABŞ və Çin arasındakı strateji rəqabət, eləcə də böyük dövlətlər arasında etimadın azalması beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Lakin bütün bu prosesləri üçüncü dünya müharibəsinin qaçılmaz başlanğıcı kimi qiymətləndirmək düzgün olmaz. Böyük dövlətlər arasında ziddiyyətlər nə qədər dərin olsa da, onların hər biri qlobal müharibənin, xüsusilə nüvə silahından istifadə olunmasının hansı fəlakətli nəticələrə gətirib çıxaracağını anlayır. Bu təhlükə hələ də ciddi çəkindirici amildir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, müasir müharibələrin xarakteri də dəyişib: “Bu gün qarşıdurmalar təkcə hərbi əməliyyatlarla məhdudlaşmır. Kiberhücumlar, informasiya müharibəsi, iqtisadi təzyiqlər və texnoloji rəqabət də dövlətlərarası mübarizənin tərkib hissəsinə çevrilib. Əsas risk regional münaqişələrin böyük dövlətlərin birbaşa qarşıdurmasına çevrilməsidir. Azərbaycan da mürəkkəb geosiyasi regionda yerləşdiyindən bu proseslərə diqqətlə yanaşmalıdır. Milli təhlükəsizliyimizin, güclü ordumuzun, iqtisadi dayanıqlılığımızın və müstəqil xarici siyasətimizin əhəmiyyəti məhz belə dövrlərdə daha aydın görünür. Eyni zamanda, regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi milli maraqlarımızın mühüm tərkib hissəsidir. Düşünürəm ki, sosial şəbəkələrdə üçüncü dünya müharibəsinin mütləq başlayacağı, dünyanın dağıntılara məruz qalacağı barədə yayılan fikirlər cəmiyyətdə əsassız təşviş yaratmamalıdır. Dünya ciddi təhlükələrlə üzləşsə də, müharibə qaçılmaz deyil. Diplomatiya və beynəlxalq dialoq hələ də qarşıdurmaların qarşısını almaq üçün mühüm imkanlar yaradır. Əsas məsələ qorxuya qapılmaq deyil, dünyada baş verənləri düzgün qiymətləndirmək, dövlət olaraq güclü və hazırlıqlı olmaq, eyni zamanda sülhün qorunması üçün diplomatik səyləri davam etdirməkdir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər