Aparıcı Elgiz Əkbərin qonşusu ilə bağlı paylaşımı sosial şəbəkələrdə maraq doğurub. O, müəyyən səbəblərə görə incidiyi qonşusunun nar ağacının müəyyən hissəsinin onun həyətinə düşdüyünü, qonşunun narından icazəsiz yemək istədiyini bildirib. Lakin bunun hüquqi baxımdan doğru olub-olmaması barədə Elgiz Əkbər sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.
Bu barədə Pravda.az-a Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov açıqlama verərək bildirib ki, məsələdə ən vacib məqam meyvənin harada olmasını düzgün ayırmaqdır.

R.Qaraşov deyib ki, Mülki Məcəllənin 174.2-ci maddəsinə görə, ağacın və ya kolun meyvəsi təbii şəkildə qonşunun torpaq sahəsinə düşübsə, həmin meyvə artıq həmin torpaq sahəsinin meyvəsi sayılır: “Yəni qonşu öz həyətinə düşmüş meyvəni götürüb istifadə etdikdə bu ümumi qayda üzrə qanun pozuntusu hesab edilmir. Amma meyvə hələ ağacın budağındadırsa, vəziyyət dəyişir. Budaq hasarı keçib qonşunun həyətinə uzansa belə, meyvə avtomatik olaraq qonşuya məxsus olmur. 174.3-cü maddənin məntiqinə görə, budaq üzərində qalan meyvəyə hüquq ağac sahibində qalır. Buna görə ağacdan icazəsiz meyvə dərmək ilə yerə düşmüş meyvəni götürmək hüquqi baxımdan eyni hal deyil. Budaq və köklərlə bağlı da ayrıca qayda var. Mülki Məcəllənin 174.1-ci maddəsinə əsasən, qonşunun sahəsinə keçən budaq və ya kök yalnız o halda kəsilə bilər ki, həmin çıxıntı real olaraq ziyan vursun və ağac sahibinə əvvəlcədən bunun aradan qaldırılması üçün müraciət edilsin. Sahib ağlabatan müddətdə tədbir görməzsə, qonşunun budaq və kökləri kəsib özündə saxlaması mümkün ola bilər. Məhkəmə mübahisəsi yaranarsa, məsələ avtomatik həll olunmur və konkret faktlar araşdırılır. Ağacın hansı torpaq sahəsində yerləşməsi, sərhəd xətti, meyvənin təbii şəkildə düşüb-düşməməsi, zərərin olub-olmaması və əvvəlcədən tələb irəli sürülməsi kimi hallar əhəmiyyət daşıyır”.
Aytəkin Qardaşova