Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva Dubayda qurduğu bizneslə bağlı maraqlı açıqlama verib.
Pravda.az Bestmedia.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında rəhbərlik etdiyi “Gemaee” lüks təkrar satış platformasını satmaq üçün aldığı yeddi rəqəmli təklifdən imtina etdiyini bildirib.
Mehbalıyeva qeyd edib ki, Dubayda yeddi il ərzində qurduğu biznesi inkişaf etdirmək üçün böyük əmək sərf edib. O, “Gemaee” brendinin təsisçisi olduğunu vurğulayaraq, şirkətin fəaliyyətini lüks məhsulların təkrar satışının yeni konsepsiyası əsasında qurduğunu bildirib.
Səfiyə Mehbalıyeva paylaşımında özünü elmlər doktoru (PhD), keçmiş professor və iki oğul anası kimi təqdim edib. O, uzun illər müxtəlif proseslərin necə işlədiyini öyrəndiyini, indi isə həmin bilikləri öz biznesini qurmaq və inkişaf etdirmək üçün tətbiq etdiyini yazıb.
“Biznesimi satmaq üçün yeddi rəqəmli təklifdən imtina etdim. Dubayda yeddi il ərzində qurduğum biznesin təsisçisiyəm. Mən elmlər doktoruyam, keçmiş professoram. İllərlə proseslərin necə işlədiyini öyrənmişəm, indi isə onları özüm qururam.
İki oğul anası olaraq həm şirkətimə, həm də övladlarıma eyni yüksək standartlarla yanaşıram. Burada moda, lüks və kapital sahələrində əslində nələrin baş verdiyini, adətən nümayiş etdirilməyən tərəfləri açıqlayıram.
Genişlikdən daha çox dərinliyə üstünlük vermək sadəcə strategiya deyil, bu, intizamdır.
Yeni mağaza üzərində işləyirəm. Bu dəfə isə biznesin pərdəarxasında baş verənləri – hər bir xərci, hər qərarı izləyicilərimlə bölüşəcəyəm”, - Mehbalıyeva paylaşımında bildirib.