Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Emin Piri: “Əlində silahla danışdığım yerlərdə indi qələmlə danışırdım, şeir söyləyirdim...”

Paylaş:
Emin Piri: “Əlində silahla danışdığım yerlərdə indi qələmlə danışırdım, şeir söyləyirdim...”
Bizi Google News-da izləyin

8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş, milli qürurun, birliyin və sarsılmaz iradəni özündə əks etdirən mühüm tarixdir. Bu gün Azərbaycan xalqının illər boyu həsrətində olduğu doğma torpaqlarına qovuşmaq arzusunun gerçəkləşdiyi şanlı Zəfər Günüdür.

Zəfər Günü ilə bağlı təəssüratını Pravda.az-a bölüşən İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) iştkirakçısı şair və yazar Emin Piri döyüşə gedərkən ümidli olduğunu və bunun onun üçün şərəf məsələsi olduğunu deyib. 

O bildirib ki, müharibə Azərbaycan oğulları üçün haqq savaşı idi: “Adam haqq savaşında olduğunu biləndə bütün vicdanı, ruhu, düşüncəsi ilə inananda daxildə qalibiyyət əminliyi olur. Yəni bu qalibiyyət hökmən döyüşdə qazanmaq deyil, şərəf döyüşündə olmağın özü belə qalib olmaq deməkdir. Amma ümumilikdə isə dövlətimizin, ordumuzun qalib gələcəyinə inamım çox yüksək idi. Tək döyüşdə iştirak etməklə bağlı deyildi. Qələbə qazanacağımıza inanırdıq, amma bu, nə formatda olacaq, hansı müqavilə, neçə müddətə olacaq deyə açığı böyük bir fikrim yox idi. Təbii ki, müasir dövrdə bunun illərlə çəkəcəyini düşünmürdüm. Şükür ki, 44 gün çəkdi. İlk döyüş günləri mən deyərdim ki, həm təcrübə, həm döyüşün ilk zamanları baxımından daha çətin keçdi. Qızğın müharibə idi. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətləri hava şəraiti baxımından ilk zamanlar çətin idi, bəzən susuz günlərimiz oldu... İtkilər baxımından da ilk vaxtlar mənə görə daha çətin gəldi. Amma irəlilədikcə insanın daxilindəki ümid də artırdı. Bəlkə daha çox əziyyət çəkirdik, amma artıq əziyyəti zamanla unutmağa başlamışdıq. Azərbaycanın işğalda olan torpaqları azad olunduqca əziyyətlərimiz yüngülləşmiş gəlirdi”.

Gənc şair Xocalının kəndlərində olanda özünü sanki bir boşluqda hiss etdiyini deyib: “Çünki bizim televiziyadan izlədiyimiz Xocalı bir başqa cür idi, uşaqlıqdan beynimizdə qarlı hava, qarın üzərində qan ləkələri, uşaq meyitləri ilə xatırlayırdıq, amma Xocalının kəndlərində olarkən cənnət məkan kimi yer gördüm. Bu məni boşluğa saldı ki, belə gözəl yerdə bu cür qətliam törətmək olarmı? O demək deyil ki, digər yerlərdə törətmək olar, sadəcə çox təzadlı gəldi, gözəllik və insan qətliamı düşüncə etibarilə mənə çox təsir etmişdi və deyərdim ki, Xocalının kəndlərində olmağım səhnəsindən hələ də çıxa bilmirəm”.

Emin Piri müharibədən sonra da torpaqları yenidən ziyarət edərkən hiss etdiyi qürur hissindən də bəhs edib: “Müharibədən sonra da Vaqif Poeziya Günləri keçiriləndə iştirak etdim. Gedib həmin yerləri yenidən görmək qəribə duyğu idi. Bu dəfə təbii ki, döyüşçü kimi yox, döyüşçü şair kimi getmişdim. Bir növ turist kimi getdim. Adamın bir növ Azərbaycan torpaqları kimi dəryada damcı qədər rolu olubsa, şərəf, qürur hissi yaradır. Dövlət tədbirində çıxış etdim, şeirlərimi söylədim. Çox qəribə duyğular idi ki, əlində silahla danışdığım yerlərdə indi qələmlə danışırdım, şeir söyləyirdim. Burada fərdiləşmə aparmaq istəməzdim. Azərbaycan ordusu ümumilikdə kollektiv olaraq hər biri qəhrəmanlıq göstərib. Bu işin öhdəsindən gəlinibsə, gördüyü işdən asılı olmayaraq hər biri qəhrəmandır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər