Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, vətəndaşların rifah halının yüksəldilməsi, bu istiqamətdə həyata keçirilən ünvanlı dövlət dəstəyi tədbirlərinin daha səmərəli təşkili baxımından ev təsərrüfatlarının vəziyyəti haqqında dolğun və etibarlı məlumatların əldə edilməsi mühüm əhəmiyyət daşıyır. Yeni qaydalara əsasən ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır. Bu isə cəmiyyətdə bəzi narahatlıqlar yaradıb.
Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynovanın sözlərinə görə, uçotun aparılması daha əvvəlki illərdə sadəcə kağız üzərində aparılıb, mətbuatda isə sadəcə müəyyən qismi açıqlanıb.

İqtisadçı qeyd edib ki, bu məsələdə narahatlığa əsas yoxdur: “Yeni qaydaya əsasən sorğunun elektron sistemdə qeyd olunması vətəndaşlarda nisbətən narahatlıq yaradır. Sosial şəbəkələrdəki müzakirələrə əsasən, vətəndaş düşünür ki, onların mal-qara sayına görə vergi tətbiq ediləcək və ya evindəki elektron əşyanın sayı və ya qiymətinə əsasən hər hansısa qayda tətbiq ediləcək. Şəxsin gəlirləri leqaldırsa və gəlirlərinə uyğun lazımi ödənişləri edirsə, heç bir narahatlığa əsas yoxdur. Kənd təsərrüfatının uçota alınması və gələcəkdə ola biləcək hansısa qərara təsirinə qaldıqda isə kənd təsərrüfatı vergidən azaddır, lakin şəxsin istifadəsi üçün nəzərdə tutulubsa, hansısa məhsulun satışını həyata keçirirsə, sosial-iqtisadi ədalət naminə gəlirinə uyğun vergi ödəmələrini etməlidir. Şəhər əhalisinin narahatlığına qaldıqda isə sadəcə qeydiyyat aparılacaq. Məsələn, şəxs sorğu-sual olunmayacaq ki, əmək haqqın sistemdə 400 manatdır sənin evindəki bu əşyanın qiyməti 10.000 manatdır və ya idarə etdiyin avtomobil 25-30 min manatdır”.
G.Hüseynova təklif edir ki, sosial iqtisadi ədalət naminə bu yoxlamalar daha fərqli aparılmalıdır: “Məsələn, bütün gəlir və xərc, mal varlıqları qarşılaşdırılsın. Məsələn, şəxs minimum əmək haqqı ilə çalışır və ya çalışmır, sadəcə sosial yardım almaq üçün hansısa iş yerində qeydiyyatı var və ya “formal” olaraq VÖEN açıb az vergi ödəyir. Həmin məbləği investisiya edir, məhsul satır və gəlir vergisi ödəmir. Həqiqətən minimum əmək haqqı ilə çalışan vətəndaşdan vergi tutulursa, müəyyən şərtləri ödəyə bilmədiyi üçün yardım ala bilmirsə, digər şəxslər ilə müqayisədə ədalətsizlik yaranır. Onun üçün də təklif edirəm ki, sistem bir qədər təkmilləşdirilsin”.
Şəhanə Qədirli