Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Fərid Cəfərli: “Vətəndaşların məlumatlarının qorunması məsələsi dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır”

Paylaş:
Fərid Cəfərli: “Vətəndaşların məlumatlarının qorunması məsələsi dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır”
Bizi Google News-da izləyin

Məlum olduğu kimi, ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq. Yeni qaydalara əsasən, ev təsərrüfatı üzvlərinin fərdi identifikasiya nömrəsi (FİN) qeydə alınacaq. FİN olmadıqda bu barədə müvafiq qeyd aparılacaq. Bundan başqa, şəxsin qohumluq əlaqəsi, cinsi, doğulduğu tarix və yer, vətəndaşlığı və milliyyəti barədə məlumatlar şəxsi hesaba daxil ediləcək. Bu qərar isə cəmiyyətdə narazılıqlar yaradıb. Belə ki, vətəndaşlar şəxsi məlumatların təhlükəsizliyinin risk altında olacağını düşünürlər.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən ekspert Fərid Cəfərlinin sözlərinə görə, ev təsərrüfatlarının uçotu zamanı vətəndaşların fərdi identifikasiya nömrələrinin, vətəndaşlığının, yaşayış ünvanının, ailə tərkibinin, evdə neçə nəfərin yaşadığının və kirayə münasibətlərinin qeydə alınması məsələsi kifayət qədər ciddi yanaşma tələb edir. 

O bildirib ki, burada söhbət yalnız statistik məlumatların toplanmasından getmir: “Eyni zamanda, insanların şəxsi həyatının toxunulmazlığı, fərdi məlumatlarının qorunması və fiziki təhlükəsizliyi məsələsi gündəmə gəlir. Dövlətin ölkədə demoqrafik vəziyyəti, əhalinin sosial strukturunu, yaşayış şəraitini və mənzil təminatını öyrənmək üçün statistik məlumatlara ehtiyacı var. Bu məlumatlar sosial siyasətin formalaşdırılması, infrastrukturun planlaşdırılması, məşğulluq və mənzil proqramlarının hazırlanması baxımından əhəmiyyətli ola bilər. Əsas narahatlıq məlumatların toplanmasından daha çox, onların sonrakı taleyi ilə bağlıdır. Təsəvvür edək ki, hansısa informasiya bazasında konkret şəxsin FİN-i, yaşayış ünvanı, ailə üzvlərinin sayı, evdə neçə nəfərin yaşadığı, onların nə vaxtdan həmin ünvanda qeydiyyatda olduğu və mənzilin kirayə olub-olmaması barədə məlumatlar mövcuddur. Əgər belə məlumatlar icazəsiz şəxslərin əlinə keçərsə, onlardan müxtəlif qanunsuz məqsədlər üçün istifadə oluna bilər”.

Ekspert deyib ki, xüsusilə, yaşayış ünvanı ilə yanaşı, mənzildə neçə nəfərin yaşaması və ev təsərrüfatının tərkibi barədə məlumatların əldə edilməsi təhlükəsizlik baxımından həssas məsələdir: “Cinayətkarlar üçün hər hansı yaşayış yerində insanların sayı, ailə tərkibi və mümkün zəifliklər barədə məlumatların olması əlavə risk faktoru yarada bilər. Bu, o demək deyil ki, belə uçot mütləq oğurluqların artmasına səbəb olacaq. Lakin məlumatların sızması və ya qanunsuz dövriyyəyə çıxması cinayətkarların işini asanlaşdıra biləcək amillərdən birinə çevrilə bilər. Digər mühüm məqam məlumatların kimlər tərəfindən əldə edilə bilməsidir. Vətəndaş haqlı olaraq soruşa bilər ki, mənim FİN-im, ünvanım, ailə üzvlərimin sayı və yaşayış şəraitim barədə məlumatları hansı qurumlar görə biləcək? Bu məlumatlara çıxışı olan şəxslərin dairəsi necə müəyyənləşdiriləcək? Məlumatların surətinin çıxarılmasının, ötürülməsinin və üçüncü şəxslərə verilməsinin qarşısı necə alınacaq? Hər hansı sızma baş verərsə, buna görə kim məsuliyyət daşıyacaq? Burada mühüm bir prinsip var: məlumatların dövlət qurumunda saxlanılması onların avtomatik olaraq təhlükəsiz olması demək deyil. İstənilən informasiya sistemi texniki nasazlıq, insan faktoru, daxili sui-istifadə və kiberhücum nəticəsində risklə üzləşə bilər. Buna görə də vətəndaşlara sadəcə məlumatların qorunacağına dair ümumi təminat vermək kifayət deyil”.

F.Cəfərli hesab edir ki, belə bir uçot aparılarkən bir neçə prinsip mütləq təmin edilməlidir: “Yalnız statistik məqsədlər üçün həqiqətən zəruri olan məlumatlar toplanmalıdır. Hər bir məlumatın nə üçün tələb olunduğu və hansı məqsədlə istifadə ediləcəyi aydın izah edilməlidir. Vətəndaşların fərdi məlumatlarına yalnız xidməti zərurət əsasında səlahiyyət verilmiş şəxslər çıxış əldə etməlidir. Hər bir müraciət və baxış qeydə alınmalı, sonradan yoxlanıla bilməlidir. Məlumat bazaları müasir şifrələmə, çoxmərhələli autentifikasiya, kiberhücumlara qarşı müdafiə və müstəqil təhlükəsizlik auditləri ilə qorunmalıdır. Məlumatların sızmasına, qanunsuz əldə edilməsinə və yayılmasına görə konkret məsuliyyət mexanizmləri olmalıdır. Vətəndaş bilməlidir ki, onun hüquqları pozularsa, hansı quruma müraciət edə və necə müdafiə oluna bilər. Məlumatlar qeyri-müəyyən müddətə saxlanılmamalı, statistik məqsəd başa çatdıqdan sonra onların saxlanılması və ya anonimləşdirilməsi məsələsinə qanunvericiliyə uyğun baxılmalıdır. Məsələnin başqa bir tərəfi də ictimai etimaddır. Dövlət vətəndaşdan şəxsi məlumatlarını tələb edirsə, qarşılığında həmin məlumatların təhlükəsizliyinə dair real təminatlar təqdim etməlidir. Fikrimcə, cəmiyyətdə yaranan narahatlıqlara formal yanaşmaq olmaz. İnsanlara sadəcə “narahat olmağa əsas yoxdur” demək əvəzinə, məlumatların hansı hüquqi əsasla toplandığı, kimlərin çıxış əldə etdiyi, hansı müddətə saxlanıldığı, üçüncü şəxslərlə hansı hallarda bölüşülə biləcəyi və sızma baş verdikdə hansı tədbirlərin görüləcəyi açıq şəkildə izah edilməlidir. Nəticə etibarilə, əhalinin statistik uçotunun aparılmasına qarşı çıxmaq yox, bu prosesin təhlükəsiz, şəffaf və hüquqi təminatlarla həyata keçirilməsini tələb etmək lazımdır. Dövlətin statistikaya ehtiyacı var, amma vətəndaşın da şəxsi həyatının toxunulmazlığına və təhlükəsizliyinə təminat almaq hüququ var. Unutmaq olmaz ki, vətəndaşın FİN-i, ünvanı və ailə tərkibi sadəcə statistik rəqəmlər deyil. Bunlar konkret insanın həyatına, ailəsinə və təhlükəsizliyinə aid məlumatlardır. Ona görə də belə məlumatların toplanması ilə yanaşı, onların qorunması məsələsi də dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər