Noyabrın 7-də saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə kino" layihəsi çərçivəsində görkəmli şairə və ictimai xadim, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçiriləcək.
Bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.
Filmin ideya müəllifi tanınmış rəssam-modelyer, dizayner, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır. Ssenari müəllifi isə alim-folklorşünas, şairə və dramaturq Fəridə Hicran Vəliyevadır.
Ekran əsəri Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunub. Filmdə Xan qızı Natəvan obrazını Fəxriyyə Xələfova özü canlandırıb.
Filmin çəkilişləri Ağdam, Şuşa və Şahbulaq qalasında aparılıb.
Ekran əsərinin özünəməxsus xüsusiyyətlərindən biri də onun orijinal formatda hazırlanmasıdır. Filmin ərsəyə gəlməsində Xurşidbanu Natəvanın nəslinin davamçıları da iştirak edərək ailə arxivlərində qorunan məlumatları, xatirələri və nəsildən-nəslə ötürülən hekayələri bölüşüblər. Bu xatirələr vasitəsilə tamaşaçı şairənin şəxsiyyəti, həyat yolu və ailə irsi ilə daha yaxından tanış olmaq imkanı əldə edir.
