2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb. Bu 2025-ci ilin icrası ilə müqayisədə isə 116 milyon manat və ya 22 faiz çoxdur. Ortamüddətli dövrdə, yəni 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 39 faiz artıb.
Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və ya 41 faizi isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək”.