İnnovasiya və sahibkarlığın inkişafı müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Xüsusilə gənclərin yeni biznes ideyaları yaratması, texnoloji yeniliklərə imza atması və startap layihələrini reallaşdırması ölkə iqtisadiyyatının genişlənməsi və yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda son illər gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, innovativ ideyaların təşviqi və startap ekosisteminin inkişafı istiqamətində müxtəlif proqramlar həyata keçirilir.
Bəs mövcud güzəştlər və maliyyə imkanları gənclərin startap ideyalarını real biznesə çevirməsi üçün kifayət edirmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən rəqəmsal texnologiyalar üzrə mütəxəssis Eşqin Məmmədli deyib ki, bu gün gənclərin öz işini qurması üçün öncəki illərdən daha çox imkan var.
Onun sözlərinə görə, bunu son illərdə baş verənləri izləyəndə aydın görmək olur: “Əvvəllər bu barədə daha çox danışılırdı, indi isə konkret addımlar atılır. Məsələn, yeni iş ideyası olan gənc dövlətdən “Startap” adlı sənəd ala bilər. Bu sənədi alan şəxs yeni işindən qazandığı pula görə bir neçə il vergi ödəmir. Yəni o pulu dövlətə vermək əvəzinə öz işinə xərcləyə bilir. Gələn ildən bu vergi güzəştinin müddəti 3 ildən 7 ilə qaldırılır. İşə yeni başlayan hər kəs bilir ki, ilk illər ən çətin dövrdür. İndi sahibkarlar, belə desək, 7 il vergidən azad olacaqlar. Sahibkarlar bunu çoxdan istəyirdi və bu istək nəzərə alındı. Yeni qaydalar təkcə iş quran gənci yox, ona pul qoyan insanları da düşünür. Kimsə bir gəncin layihəsinə pul qoyub qazanc əldə etsə, o qazancdan da uzun müddət vergi tutulmayacaq. Bu, investorları gənclərin işinə investisiya qoymağa həvəsləndirəcək”.
Ekspert qeyd edib ki, cənab Prezidentin fevral ayında imzaladığı fərmanla kiçik biznesə dəstək verən KOBİA ilə investisiya və ixracı təşviq edən AZPROMO birləşdirilib və yeni agentlik yaradılıb: “Bu agentlik həm kiçik və orta biznesə dəstək verəcək, həm də investisiya və ixracı təşviq edəcək. Məncə, bunun məntiqi var. Sahibkar üçün dəstəyi bir yerdən almaq həmişə daha rahatdır. Güzəştlər baxımından yaxşı yerdəyik, amma hələ görüləsi işlər var. Bəzən sənəd toplamaq və müraciət prosesi gənclər üçün uzun və çətin olur. Ayrılan maddi dəstək çox vaxt işi böyütmək üçün az qalır, banklar isə yeni başlayan gənclərə kredit verməyə ehtiyatla yanaşır. Vergi güzəşti artıq pul qazanmağa başlamış işə kömək edir. Yalnız ideyası olan gəncə isə hər şeydən əvvəl başlamaq üçün pul lazımdır. Bu dəstək imkanları artdıqca nəticə də yaxşılaşacaq. Çox gənc belə imkanların olduğunu heç bilmir. Ətrafımda da bunu görürəm. Həmçinin bu imkanlar təkcə Bakıda deyil, rayonlarda da olmalıdır. Buna görə də məktəblərdə, universitetlərdə bu barədə daha çox danışılmalıdır. Dövlət öz addımını atıb, proses daha da inkişaf etsə yaxın illərdə qlobal seqmentdə tanınan yerli layihələrin sayı xeyli artacaq”.
Şəhanə Qədirli