Dünyada davam edən müharibələr qlobal gübrə bazarında qiymət artımına səbəb olur. Xüsusilə, Azərbaycanın əsas ticarət tərəfdaşlarının yerləşdiyi regionlarda baş verən qarşıdurmalar və təchizat zəncirində yaranan problemlər bu sahəyə də təsir göstərir. Nəticədə idxal olunan bəzi gübrələrin qiyməti son dövrdə 25-35 faiz artıb. Pravda.az Baku TV-yə istinadla bildirir ki, qiymət artımı fermerlərin xərclərinə də təsirsiz ötüşmür.
Bahalaşma fonunda gübrədən istifadənin azaldılması isə məhsuldarlıq və məhsulun keyfiyyəti ilə bağlı riskləri artırır.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli məsələ ilə bağlı bildirib ki, gübrələrin bahalaşması fermerlərin onlardan daha az istifadə etməsinə səbəb olur. Bu isə birbaşa məhsuldarlığa təsir göstərir.
Onun sözlərinə görə, əvvəllər Rusiyadan gətirilən azot gübrəsinin bir tonu 31 manata satılırdısa, hazırda bu rəqəm 43 manata yüksəlib. Yerli istehsal olan karbamidin qiymətində də artım qeydə alınıb.