Şəki Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Adil Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina edib.
Məhkəmə iclasında iştirak edən Adil Səfərov və onun müdafiəçisi ərizəni müdafiə edərək verilmiş apellyasiya şikayətindən imtinanın qəbul olunmasını və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edib.
Qərara əsasən, onun apellyasiya şikayətindən imtinası qəbul edilib və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilib.
İttihama görə, Adil Səfərov 2025-ci ildə saat 13:00 radələrində qısqanclıq motivi ilə hərəkət edib. O, arvadı S.S. (adı, soyadı şərtidir) ilə rayon sakini, zərərçəkmiş Xəlil Əlizadənin (adı, soyadı şərtidir) görüşdüyünü və onunla cinsi əlaqədə olduğunu öyrənib. Bundan sonra zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə onu yaşadığı ünvandan idarə etdiyi “Daewoo Racer” markalı avtomobilə mindirib.
Təqsirləndirilən şəxs Xəlili avtomobilin arxa oturacağına əyləşdirərək Qax şəhərində yerləşən “Dağ yolu” adlanan əraziyə aparıb. Orada avtomobildən düşürdüyü zərərçəkmiş şəxsin sağ sağrı nahiyəsinə bir dəfə təpiklə qəsdən zərbə vurub. Nəticədə onun sağ sağrı nahiyəsində bir ədəd qançır yaranıb.