İsmayıllı rayonu, Mübariz Orucov küçəsi baxımsız vəziyyətdədir. Burada bəzi evlər uçub, ətrafı tullantılarla doludur.
Bir müddət əvvəl küçədə yaşan bəzi ailələr köçürülüb.
Hələ də burada yaşayan sakinlər isə küçənin baxımsız qalmasından narazıdırlar. Sakinləri xüsusilə sahibsiz itlərin çoxluğu, antisanitar vəziyyət və uşaqların təhlükəsizliyi narahat edir.
Məktəbə gedib-gələn uşaqlar bəzən küçədən keçməyə qorxur, axşam saatlarında isə ərazidə hərəkət etmək daha da çətinləşir. Onlar həmçinin gecələr işıqlandırma və təhlükəsizliklə bağlı problemlərin olduğunu da deyirlər.
Məsələ ilə bağlı İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən "Xəzər Xəbər"ə bildirildi ki, şəhərin Mübariz Orucov küçəsində yerləşən mənzil-kommunal təsərrüfatı tipli evlərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rəsmi texniki baxış keçiriblər. Baxış zamanı evlərin qəzalı vəziyyətdə olduğu və orada yaşayışın davam etdirilməsinin təhlükəsizlik baxımından mümkün olmadığı müəyyən edilib. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların Nizami küçəsində inşa edilmiş 48 mənzilli yeni yaşayış binasına köçürülməsi təmin olunub. Sakinlərdən bir neçə ailə çoxmərtəbəli binada yaşamaq istəmədikləri üçün köçməkdən imtina edib. Həmin ailələrlə bir neçə dəfə söhbət aparılsa da, hələlik yekun razılıq əldə edilməyib.
Açıqlamada o da bildirilib ki, sakinlərin yeni mənzillərə köçürülməsi tam başa çatdıqdan sonra Mübariz Orucov küçəsindəki ərazidə abadlıq-quruculuq işlərinin aparılması, yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi və sakinlərin istirahəti üçün parkın salınması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: