Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

“Köhnə binalara”a maraq niyə azalıb? - Hüseyn Talıbov səbəblərini açıqlayır

Paylaş:
“Köhnə binalara”a maraq niyə azalıb? - Hüseyn Talıbov səbəblərini açıqlayır
Bizi Google News-da izləyin

Alıcıların müasir yaşayış komplekslərinə, çıxarışlı və ipoteka imkanları olan mənzillərə üstünlük verməsi, eyni zamanda Bakının 2040-cı ilədək inkişafına dair Baş Planın icrası ilə bağlı gözləntilər köhnə tikili binalara olan marağı azaldıb.

Bu fikirləri Pravda.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “E-qiymət” portalının rəhbəri Hüseyn Talıbov söyləyib.

Ekspert qeyd edib ki, köhnə tikililərlə bağlı bazarda vahid qiymət və gələcək perspektiv yanaşması formalaşdırmaq düzgün deyil: “Çünki “Xruşşov”, “Kiyev” və “Leninqrad” layihəli binalar arasında həm konstruktiv xüsusiyyətlər, həm mənzillərin planlaşdırılması, həm də yerləşdikləri ərazilərin bazar potensialı baxımından ciddi fərqlər mövcuddur. Daşınmaz əmlakın dəyərini yalnız tikilmə tarixi ilə ölçmək olmaz. Qiymətləndirmə baxımından əsas məsələ binanın hansı ildə inşa edilməsi deyil, bu gün hansı iqtisadi və texniki göstəricilərə malik olmasıdır. 

Məsələn, şəhərin mərkəzində, metroya, əsas nəqliyyat xətlərinə və sosial infrastruktura yaxın yerləşən, konstruktiv vəziyyəti qənaətbəxş olan köhnə binadakı mənzil öz dəyərini uzun müddət qoruya bilər. Digər tərəfdən, şəhərin daha kənar hissəsində yerləşən, mühəndis-kommunikasiya sistemləri köhnəlmiş, həyəti və infrastrukturu zəif olan mənzilin satışı daha çətinləşə bilər. Eyni layihəli binaların belə bazar dəyəri eyni olmur. Köhnə və yeni tikililər arasında qiymət dinamikası da bazarda müəyyən fərqlənmənin yarandığını göstərir”. 

Onun sözlərinə görə, köhnə tikililərin bazar dəyərini itirdiyi iddia etmək olmaz: “Əksinə, köhnə mənzillərdə də qiymət artımı qeydə alınır. Sadəcə, artımın tempi və satış imkanları əmlakın yerləşdiyi əraziyə, texniki vəziyyətinə, sənədləşməsinə və alıcıların tələblərinə uyğunluğuna görə dəyişir. Burada vacib məqam qiymət artımı ilə likvidliyi bir-birindən fərqləndirməkdir. Mənzilin elan qiyməti yüksək ola bilər, amma real alıcının tapılması və sövdələşmənin baş tutması daha uzun vaxt tələb edə bilər. Bazarın real vəziyyətini məhz faktiki satış qiymətləri və satış müddəti göstərir.

Bakının 2040-cı ilədək inkişafına dair Baş Plan ətrafında yaranan gözləntilər isə köhnə mənzillərin qiymətləndirilməsində ehtiyatlı yanaşmanı zəruri edir. Baş Plan şəhərin uzunmüddətli inkişaf istiqamətlərini, ərazi planlaşdırılmasını, nəqliyyat və sosial infrastrukturu müəyyən edən strateji sənəddir. Bu sənədin mövcudluğu bütün “Xruşşov”, “Kiyev” və “Leninqrad” layihəli binaların yaxın illərdə söküləcəyi anlamına gəlmir. Konkret binanın söküləcəyini yalnız onun köhnə olması və ya müəyyən ərazidə yerləşməsi əsasında söyləmək mümkün deyil” 

Müsahibimiz hesab edir ki, belə situasiyalarda binanın texniki müayinəsinin nəticələri, konstruktiv təhlükəsizlik göstəriciləri, ərazinin şəhərsalma baxımından perspektivi və aidiyyəti qurumların müvafiq qərarları nəzərə alınmalıdır: “Ona görə də hansı binaların yaxın illərdə söküləcəyini ünvan və layihə adı üzrə ümumiləşdirərək proqnozlaşdırmaq düzgün deyil. Mülkiyyətçilər qeyri-rəsmi məlumatlara deyil, rəsmi qərarlara və sənədlərə əsaslanmalıdırlar. Mümkün söküntü məsələsində mülkiyyətçilərin ən çox diqqət yetirməli olduğu məqamlardan biri kompensasiyanın şərtləridir. 

Söküntü ehtimalı özlüyündə mənzilin bugünkü bazar dəyərinə avtomatik əlavə yaratmır. Gələcəkdə hansı kompensasiya mexanizminin tətbiq ediləcəyi, alternativ mənzilin təqdim olunub-olunmayacağı və ya pul ödənişinin hansı şərtlərlə həyata keçiriləcəyi konkret layihənin hüquqi əsaslarından və tərəflər arasında razılaşmadan asılıdır. Bu səbəbdən yalnız mümkün söküntüyə ümid edərək mənzili saxlamaq investisiya baxımından riskli yanaşmadır”.

Ekspert köhnə tikilidə mənzil almağın da özlüyündə riskli olmadığını, lakin alıcının qərar verməzdən əvvəl binanın texniki vəziyyətini, mülkiyyət hüququnu təsdiq edən sənədləri, faktiki planlaşdırmanın sənədlərə uyğunluğunu və ərazinin perspektivini araşdırmalı olduğunu bildirib: “Xüsusilə binanın istismar müddəti, daşıyıcı konstruksiyaların vəziyyəti, dam örtüyü, zirzəmi, kommunikasiya xətləri və seysmik dayanıqlıq barədə məlumatlar nəzərə alınmalıdır. Çıxarışın mövcudluğu hüquqi baxımdan mühüm üstünlükdür, lakin binanın texniki təhlükəsizliyinə zəmanət vermir.

Mənzilini satmaq və ya saxlamaq istəyən mülkiyyətçilər üçün qərarın əsasını emosiyalar və söküntü ilə bağlı şayiələr deyil, iqtisadi hesablamalar təşkil etməlidir. Əgər mənzil əlverişli lokasiyada yerləşirsə, texniki vəziyyəti qənaətbəxşdirsə, kirayə bazarında tələbat varsa və onun saxlanılması əhəmiyyətli əlavə xərc yaratmırsa, uzunmüddətli perspektivdə qorunması sərfəli ola bilər. Əksinə, mənzilin likvidliyi aşağıdırsa, satış müddəti uzanırsa, binanın texniki problemləri və əlavə investisiya ehtiyacı varsa, indiki bazar şəraitində satmaq daha rasional qərar ola bilər” - Hüseyn Talıbov vurğulayır.

Əlavə edir ki, burada yalnız satışdan əldə ediləcək məbləğ deyil, mənzilin saxlanılması xərcləri, mümkün kirayə gəliri və həmin vəsaitin alternativ investisiyaya yönəldilməsi imkanları da müqayisə edilməlidir. Qarşıdakı dövrdə təkrar mənzil bazarında köhnə tikililərin hamısının eyni istiqamətdə qiymət dəyişməsi gözlənilmir. 

Əksinə, keyfiyyətli lokasiyaya, hüquqi şəffaflığa və qənaətbəxş texniki vəziyyətə malik mənzillərlə bu üstünlüklərdən məhrum olan əmlaklar arasında qiymət və likvidlik fərqinin daha da artması mümkündür. Buna görə də köhnə mənzil sahibi üçün ən düzgün qərar əvvəlcə əmlakın müstəqil və peşəkar qiymətləndirilməsini aparmaq, daha sonra satış, kirayə və saxlama variantlarını iqtisadi baxımdan müqayisə etməkdir”.

Paylaş:

Ən son xəbərlər