“Hüquqi dövlətin inkişaf səviyyəsi qəbul edilmiş qanunların sayı ilə yanaşı, həmin qanunların cəmiyyət həyatında nə dərəcədə səmərəli tətbiq olunması, dövlət hakimiyyətinin hüquqi məsuliyyəti və vətəndaşların hüquqlarının müdafiə imkanları ilə müəyyənləşir. Konstitusiya bu münasibətlərin hüquqi əsasını formalaşdıran, dövlətlə vətəndaş arasında qarşılıqlı hüquq və vəzifələri müəyyən edən ali normativ sənəddir. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası müstəqil dövlətimizin siyasi və hüquqi inkişafında məhz bu prinsiplərin təsbit olunmasına xidmət etmişdir. Əsas Qanunun qəbul edilməsi ölkəmizdə müasir dövlət idarəçiliyinin qurulması, qanunvericilik sisteminin formalaşdırılması və vətəndaşların konstitusion hüquqlarının təmin edilməsi üçün yeni imkanlar yaratmışdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.
R.Muradov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin təşkili ilə insan hüquq və azadlıqlarının müdafiəsi arasında hüquqi tarazlığın müəyyənləşdirilməsidir: “Hakimiyyət bölgüsü prinsipinin təsbit edilməsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətini konstitusion səlahiyyətlər çərçivəsində təşkil etmək məqsədi daşıyır. İnsan hüquqlarına geniş yer ayrılması isə vətəndaşın hüquqi statusunu dövlət idarəçiliyinin başlıca məsələlərindən birinə çevirmişdir. Bu yanaşmanın mahiyyətində hüquqların tanınması ilə yanaşı, onların müdafiəsi üçün hüquqi mexanizmlərin yaradılması və dövlət orqanlarının məsuliyyətinin müəyyənləşdirilməsi dayanır. Konstitusion prinsiplərin praktik həyata keçirilməsi baxımından hüquqi nəzarət institutlarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya ədalət mühakiməsi sisteminin formalaşmasında mühüm addım olmuşdur. Konstitusiya nəzarəti hüquqi aktların Əsas Qanuna uyğunluğunun qiymətləndirilməsinə, konstitusion normaların şərhinə və hüquq sisteminin daxili ardıcıllığının qorunmasına xidmət edir. Bu institutun əhəmiyyəti həm də dövlət hakimiyyətinin həyata keçirilməsində hüquqi müəyyənliyin və Konstitusiyanın üstün hüquqi qüvvəsinin təmin edilməsində özünü göstərir. Konstitusiyanın 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə təkmilləşdirilməsi dövlət idarəçiliyi və hüquqi institutların inkişafı ilə bağlı yeni tələblərin nəzərə alınmasına imkan yaratmışdır. Konstitusion islahatların uzunmüddətli səmərəliliyi isə qəbul edilən müddəaların ardıcıl tətbiqindən, vətəndaşların hüquqi müdafiə vasitələrinə çıxışından və dövlət institutlarının fəaliyyətində qanunçuluğun təmin olunmasından asılıdır. Bu baxımdan hüquqi dövlət quruculuğu davamlı institusional inkişaf, peşəkar idarəetmə və ictimai məsuliyyət tələb edən mürəkkəb prosesdir”.
Deputatın sözlərinə görə, müasir mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişafı da konstitusion prinsiplərin həyata keçirilməsi ilə sıx bağlıdır: “Mülkiyyət münasibətlərinin hüquqi tənzimlənməsi, sahibkarlıq fəaliyyətinin inkişafı, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaşların iqtisadi imkanlarının genişləndirilməsi üçün sabit hüquqi mühit mühüm əhəmiyyət daşıyır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, iqtisadi fəaliyyətin təşkili və əhalinin doğma yurdlarına qayıdışı konstitusion hüquqların həyata keçirilməsi üçün yeni sosial-iqtisadi şərait formalaşdırır. Bu proses dövlətin hüquqi və sosial məsuliyyətinin qarşılıqlı əlaqəsini daha aydın nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində institusional inkişafın, idarəetmə səmərəliliyinin və vətəndaş rifahının yüksəldilməsinin mühüm yer tutması konstitusion prinsiplərin praktik əhəmiyyətini artırır. Milli Məclisin qanunvericilik fəaliyyəti də bu prosesin ayrılmaz tərkib hissəsi olmaqla, ictimai münasibətlərin müasir tələblərə uyğun hüquqi tənzimlənməsinə və vətəndaşların qanuni mənafelərinin qorunmasına xidmət edir. Konstitusiyanın aliliyi hüquqi dövlətin əsas göstəricisi, dövlət institutlarının fəaliyyətinin başlıca meyarı və cəmiyyətin davamlı inkişafının mühüm təminatıdır. Onun prinsiplərinin gündəlik idarəetmədə, qanunvericilik fəaliyyətində və vətəndaşların hüquqlarının müdafiəsində ardıcıl həyata keçirilməsi güclü Azərbaycan dövlətinin gələcək inkişafı qarşısında duran əsas vəzifələrdəndir”.
Şəhanə Qədirli