Dəriyə qulluq sahəsində son illər populyarlaşan LED işıq terapiyası cavanlaşma, sızanaqların azaldılması və dərinin bərpasının sürətləndirilməsi kimi vədlərlə diqqət çəkir. Ev şəraitində istifadə olunan bu cihazlar həqiqətən gözlənilən nəticəni verirmi?
Pravda.az bildirir ki, metodun elmi əsası olsa da, onun effektivliyi istifadə olunan işığın növündən, cihazın xüsusiyyətlərindən və dəri problemindən asılıdır.
Dermatoloqların fikrincə, LED işıq terapiyasının elmi əsası var və müəyyən dəri problemlərinin aradan qaldırılmasına kömək edə bilər. Fotobiomodulyasiya adlanan bu üsul dəridəki hüceyrə proseslərini stimullaşdırmaq üçün aşağı intensivlikli işıqdan istifadə edir.
Mavi işıq əsasən sızanaqlara səbəb olan bakteriyaların azalmasına və iltihabın yüngülləşməsinə kömək edir. Qırmızı və yaxın infraqırmızı işıq isə kollagen istehsalını və qan dövranını stimullaşdıraraq dərinin bərpasını sürətləndirə, qırışların və piqment ləkələrinin görünüşünü azalda bilər.