Sosial şəbəkədə bəyəndiyi evi almaq istəyən şəxs aldadıldığını iddia edir...
"Xəzər Xəbər"ə müraciət edən Aqil Məmmədov deyir ki, "Tiktok"da gördüyü səhifəyə yazdıqdan sonra ona Saray qəsəbəsindəki alqı-satqı ofisinə yaxınlaşması təklif olunub.
Aqil Məmmədov razılaşır, maklerlər ona 1,5 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzil vəd edirlər.
24 min 500 manat behi ödədikdən sonra avqustun 24-də evin təhvil veriləcəyi bildirilib. Aqil Məmmədov iddia edir ki, o gündən bu günə maklerlərin telefonuna zəng çatmır.
İddialara aydınlıq gətirmək üçün Zabutay Hüseynovla əlaqə saxladıq. Zənglərimizə cavab vermədi. Hazırda Xankəndidə olduğunu deyən digər makler Ayaz İsmayılov isə şərikindən fərqli olaraq danışdı.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Xəzər Xəbər"ə bildirdi ki, vətəndaşın ev alqı-satqısı zamanı aldadılaraq pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında maddi və digər sübutlar toplanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.