Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə arvadını döyərək yandıran şəxslə bağlı qərar çıxardı 

Paylaş:
Məhkəmə arvadını döyərək yandıran şəxslə bağlı qərar çıxardı
Bizi Google News-da izləyin

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada, oğurluq və qanunsuz narkotik saxlamada təqsirləndirilən Şahin Əjdərovun (soyadı şərtidir)  barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

İttihama görə, təqsirləndirilən şəxs iki ayrı epizod üzrə ümumilikdə 5 500 manat dəyərində üç inəyi oğurlayıb, daha sonra həyat yoldaşına qarşı xüsusi amansızlıqla zorakılıq törədərək onun bədəninin 35 faizini əhatə edən ağır yanıq xəsarətləri yetirib.

Bundan başqa, onun satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etdiyi, daşıdığı və saxladığı bildirilir.

Belə ki, Şahin Əjdərov özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2026-cı il tarixdə saat 17 radələrində Masallı rayonunun Sığdaş kəndi ərazisində yerləşən örüş sahəsinə gedib. O, burada Xanalion kənd sakini zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) məxsus iki inəyi gizli şəkildə oğurlayıb.

Beləliklə, Şahin Əjdərov həmin epizod üzrə zərərçəkmiş şəxsə ümumilikdə 3 500 manat maddi ziyan vurulb.

Bundan başqa, o, özgənin əmlakını gizli yolla talamaq məqsədilə hərəkətlərini davam etdirib və 2026-cı il tarixdə saat 17 radələrində yenidən Masallı rayonunun Sığdaş kəndi ərazisində yerləşən örüş sahəsinə gedib. Şahin Əjdərov bu dəfə kənd sakini zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus 2 000 manat dəyərində inək oğurlayıb.

Bundan başqa, təqsirləndirilən şəxs həyat yoldaşı zərərçəkmiş Cəmilə Əjdərovaya (adı, soyadı şərtidir) qarşı cinayət törədib.

Hadisə bu il saat 18 radələrində Biləsuvar rayonunda digər şəxsə məxsus fermada olub.

Belə ki, fermanın həyətində yaşayış üçün nəzərdə tutulmuş bir mərtəbəli tikilidə onunla arvadı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qadının bir müddət əvvəl yaşadıqları Cəlilabad rayonunda yerləşən fermanın sahibinə uşaqlarına aid sənədlərin götürülməsi ilə bağlı telefonla zəng etmək istəməməsi olub. Bu zaman Şahin Əjdərov həyat yoldaşına ağır iztirablar verib və onu ayaqlarını döşəməyə tökülmüş qaynar suda saxlamağa məcbur edib. Daha sonra o, Cəmilənin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklərlə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsin hər iki baldırında qançırlar yaranıb.

İttihamın ən ağır hissəsinə əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi nalayiq sözlərlə təhqir etdikdən sonra üzərinə alışdırıcı maddə — benzin tökməsini deyib. Cəmilə evin giriş hissəsində plastik qabda olan benzini götürərək öz üzərinə töküb. Bundan sonra Şahin Əjdərov dolabdan götürdüyü kibriti alışdıraraq qadının üzərinə atıb və nəticədə zərərçəkmiş şəxsi yandırıb.

Hadisə nəticəsində qadının sifəti, qulaq seyvanları, dodaqları, boynu, döş qəfəsi, qarnı, gövdəsinin arxa və yan səthləri, eləcə də hər iki yuxarı ətrafında II-III dərəcəli termiki yanıq xəsarətləri yaranıb. Yanıq xəsarətləri bədən səthinin təxminən 35 faizini əhatə edib.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs bu əməli xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla törədib.

Bundan başqa, Şahin Əjdərov satış məqsədi olmadan xeyli miqdarda — 0,510 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşıyıb və saxlayıb. Sonra o, Biləsuvar Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulub. Ardınca polis şöbəsinin müvəqqəti saxlama yerində onun üzərində yoxlama aparılıb. Yoxlama zamanı təqsirləndirilən şəxsin cinsiyyət orqanı ilə sol bud nahiyəsinin birləşdiyi hissəsində “Rothmans” markalı siqaret qutusu aşkar edilib. Qutunun içərisində gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristallardan ibarət maddə aşkarlanaraq götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 7 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər