Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Natiq İsrafilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə elan edilib ki, zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətində Qaradağ Rayon Məhkəməsinin hökmünün apellyasiya baxışına verilməsi və yenidən araşdırılmasını xahiş edib.
Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, apellyasiya şikayətini geri götürdüyünü və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəsi qəbul olunub. Natiq İsrafilov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsinin hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi şikayətinə baxılmasına xitam verilib.
İttihama görə, Natiq İsrafilov 2025-ci ildə saat 07:00 radələrində idarə etdiyi “DAEWOO” markalı avtobusla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Xocasən istiqamətində hərəkətdə olub. Sürücülük vəsiqəsinin müvafiq kateqoriyalarına malik olan və avtobusu yol vərəqəsi əsasında idarə edən Natiq İsrafilov həmin vaxt nəqliyyat vasitəsinin sürətini saatda 40 kilometr həddində saxlayıb.
Belə ki, o, hərəkət istiqaməti üzrə Gömrük Nəzarəti və Qeydiyyat Şöbəsinin qarşısından keçərkən yolu soldan sağa doğru keçən piyada Araz Şeydayevi avtobusun qabaq hissəsi ilə vurub. Nəticədə yaralı aldığı xəsarətlərdən, xüsusilə baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, həmçinin kəllə sümüklərinin sınıqları səbəbindən vəfat edib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Natiq İsrafilov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Natiq İsrafilov cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Kamal Məmmədov