Meksikanın “Así Lo Dice México” qəzetində Federiko La Montun müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin siyasi rəhbərliyi, hərbi strategiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı rolu təhlil edilib.
Məqalədə müasir dövlətçilik tarixində siyasi strategiya ilə hərbi rəhbərliyin uzlaşdırılmasının əhəmiyyətindən bəhs olunur və bu baxımdan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin liderliyi xüsusi vurğulanır.
Müəllif qeyd edir ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı nümayiş etdirdiyi qətiyyətli rəhbərlik və “Qarabağ bizimdir!” bəyanatı Azərbaycanın milli kimliyinin və ərazi bütövlüyünün bərpasında tarixi mərhələ oldu. Onun fikrincə, siyasi qərarların hərbi əməliyyatların gedişi ilə uzlaşdırılması Azərbaycanın Qələbəsinin mühüm amillərindən birinə çevrildi.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanat da müharibənin başa çatmasında həlledici dönüş nöqtəsi kimi qiymətləndirilir. Bildirilir ki, bu sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpası və Şuşa şəhərinin azad edilməsindən sonra yaranmış yeni reallıqları təsbit edib.
Federiko La Mont Azərbaycanın Qələbəsini qədim Çin hərbi strateqi Sun Tzunun “Müharibə sənəti” əsərində irəli sürülən prinsiplərlə də əlaqələndirir. Müəllifin qənaətinə görə, qələbəyə aparan yol yalnız döyüş meydanında üstünlük əldə etməkdən deyil, həm də uzunmüddətli hazırlıqdan, iqtisadi və texnoloji potensialın gücləndirilməsindən, milli birliyin və mənəvi ruhun möhkəmləndirilməsindən keçir.