Gədəbəydə qardaşının həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Fidail İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, hadisə 06 iyun 2025-ci il tarixdə, saat 15 radələrində Gədəbəy rayonunun Gərgər kəndində yerləşən fərdi yaşayış evinin həyətində qeydə alınıb.
Belə ki, Fidail İsmayılov qardaşının həyat yoldaşı, zərərçəkmiş Əminə İsmayılova ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirib.
Məlumata görə, zərərçəkmiş şəxs evdə olan köhnə əşyaları, o cümlədən Fidailin mərhum anasına məxsus əşyaları evdən kənara atıb. Bu zaman təqsirləndirilən şəxs qadına etiraz edib və tərəflər arasında sözlü mübahisə yaranıb. Mübahisə zamanı Əminənin Fidaili nalayiq ifadələrlə təhqir etməsi vəziyyəti daha da gərginləşdirib.
İttihama əsasən, təqsirləndirilən şəxs əsəbiləşərək həmin vaxt əlində olan bıçaqla qadının üz nahiyəsinə zərbə endirib. Nəticədə Əminə İsmayılovaya sifətin sol yarısının kəskin asimmetriyası, mimiki pozğunluq və kobud çapıqla müşayiət olunan, üz sinirinin zədələnməsi ilə nəticələnən xəsarətlər yetirilib. Bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla yanaşı, zərərçəkmiş şəxsin sifətinin silinməz dərəcədə eybəcərləşməsi ilə nəticələnib.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxsin əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.
Məhkəmə istintaqı zamanı Fidail İsmayılov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Kamal Məmmədov