“Azərbaycan Respublikasının media sahəsinin inkişafında xidmətlərimə görə, Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziyasının 70 illik yubileyi münasibətilə məni 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etməyinizə görə, Sizə dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirirəm”.
Bunu Prezident İlham Əliyevin noyabrın 5-də imzaladığı "Media nümayəndələrinin təltif edilməsi haqqında" Sərəncamla 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülən məşhur diktor, Əməkdar artist Nailə İslamzadə deyib.
O, daha sonra bildirib:
“Bu yüksək dövlət təltifi mənim üçün yalnız uzun illər ərzində gördüyüm əməyə verilən qiymət deyil, həm də böyük etimadın, diqqətin və məsuliyyətin ifadəsidir. Bu ordeni daşımaq mənim üçün böyük şərəf olmaqla yanaşı, gələcək fəaliyyətimdə daha böyük həvəslə, məsuliyyətlə və fədakarlıqla çalışmağa ruhlandıran mənəvi bir stimul, eyni zamanda, üzərimə qoyulan mühüm vəzifədir.
Bu təltifin Zəfər Bayramının ərəfəsində, Müzəffər Ali Baş Komandan kimi, Sizin tərəfinizdən verilməsi onun mənəvi dəyərini mənim üçün daha da artırır. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərin yaratdığı qürur, milli birlik və dövlətçilik ruhu içərisində belə bir yüksək mükafata layiq görülmək həyatımın unudulmaz hadisələrindən biridir.