Noyabrın 18-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
İclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə ötən gün plenar iclasda təqdim olunan gündəliyin 8-ci məsələsi – Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında müzakirələr davam etdirilib.
Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa və Zahid Oruc, deputatlar Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Azər Badamov, Məşhur Məmmədov, Rəşad Mahmudov çıxış edərək bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.
Deputatlar vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Çıxışlarda təqdim olunan qanun layihəsi biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və iqtisadi fəallığın təşviqi baxımından dövlətin həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamı kimi dəyərləndirilib. Sənəddə təklif olunan dəyişikliklərin iqtisadi suverenliyimizin möhkəmləndirilməsi, milli sahibkarlığın gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi baxımından vacibliyi qeyd olunub.
Komitə sədri Azər Əmiraslanov deputatların söylədikləri fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. O bildirib ki, bu - Milli Məclisin 2027-ci il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələridir.