Lənkəran Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda, xuliqanlıqda, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmədə təqsirləndirilən İqbal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, hadisə bu il saat 18:00 radələrində Salyan şəhəri, C.Cabbarlı küçəsində yerləşən şirkətlərdən birinin mühafizə olunan ərazisində baş verib.
Belə ki, İqbal Məmmədov sərxoş vəziyyətdə həmin şirkətin mühafizə olunan ərazisindən yaşadığı evin yerləşdiyi əraziyə keçmək istəyib. Bu zaman MMC-nin mühafizə xidmətini təşkil edən zərərçəkmiş Aslan Həsənov və tanışları onun əraziyə daxil olmasına irad bildirərək hansı səbəbdən oraya girdiyini soruşublar. İqbal Məmmədov həmin irada cavab olaraq ətrafındakı şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib. O, ictimai qaydalara, cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına məhəl qoymayaraq zərərçəkmiş şəxsin ünvanına yüksək səslə nalayiq ifadələr işlədib.
Bundan sonra İqbal Məmmədov üzərində olan mətbəx bıçağını çıxarıb. O, bıçaqla zərərçəkmiş şəxsin üzərinə hücum çəkərək zor tətbiq etmək və onu öldürmək hədəsi səsləndirib. Bu hərəkətləri ilə hədənin real olaraq həyata keçirilə biləcəyinə əsas yaradıb.
Həmin vaxt Aslan Həsənov İqbal Məmmədovun qolundan tutub. Ardınca Aslan və tanışı bıçağı onun əlindən alaraq kənara atıblar. Bıçağın əlindən alınmasına baxmayaraq, İqbal Məmmədovun hərəkətləri bununla bitməyib. O, ictimai qaydanı pozan digər hərəkətlərini davam etdirib və ona mane olan Aslan Həsənovun hərəkətlərinə müqavimət göstərib.