Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən İlyas İlyaslının barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub, Xətai Rayon Məhkəməsinin hökmü dəyişdirilib. İlyas İlyaslıya 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, İlyas İlyaslı 2024-2025-ci illərdə Bakıda MMC-lərin birində aparıcı mühasib vəzifəsində işləyib və maddi-məsul şəxs olub. O, həmin vəzifədən və şirkətin maliyyə hesablarına çıxış imkanından istifadə edərək, əmək haqqından əlavə müxtəlif məbləğlərdə pul vəsaitlərini ayrı-ayrı bank kartlarına köçürüb və sonradan həmin vəsaitləri nağdlaşdırmaqla mənimsəyib.
İş materiallarında qeyd olunur ki, İlyas İlyaslı müxtəlif kart hesablarına köçürdüyü vəsaitləri Bakı şəhərinin Yasamal, Xətai və Binəqədi rayonlarında yerləşən bankomatlar vasitəsilə nağdlaşdırıb.