Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Cəmiyyət

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucovadan sərt sözlər: “Öz keçmiş fəaliyyətləri ilə bağlı suallara cavab versinlər” - FOTO

Paylaş:
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucovadan sərt sözlər: “Öz keçmiş fəaliyyətləri ilə bağlı suallara cavab versinlər” - FOTO
Bizi Google News-da izləyin

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova haqqında yayılan xəbərlərlə bağlı sosial şəbəkə hesabında geniş açıqlama verib.

Gülxanım Orucova açıqlamasında hazırda vəzifəsini davam etdirdiyini bildirib, elm və təhsil naziri Emin Əmrullayevin vətəndaş qəbulunda iştirakına aydınlıq gətirib, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri Rəşad Əlizadənin adını çəkib.

Gülxanım Orucovanın açıqlamasından ixtisarla:

“İlk növbədə bildirmək istəyirəm ki, hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində fəaliyyətimi davam etdirirəm.

22 aprel 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətində başçının səlahiyyətlərini icra edən cənab Əhməd Vəliyevin imzaladığı sərəncam əsasında bu vəzifəyə təyin olunmuşam.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının strukturu yenidən formalaşdırılıb. Bu dəyişikliklər əsasında 21 yanvar 2026-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin sərəncamı ilə yenidən eyni vəzifəyə təyin olunmuşam. Artıq 2 ildə dövlətimiz tərəfindən mənə 2-ci dəfə etimad göstərilib.

Lakin təəssüf ki, bir ildən artıqdır sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələməyə yönəlmiş məqsədli qarayaxma kampaniyası aparılır. Hətta bu kampaniya çərçivəsində ailə üzvlərim haqqında belə ağlasığmaz iddialar səsləndirilir.

İndiyədək bu cür paylaşımlara əhəmiyyət verməmişəm. Çünki öz biliyimə, bacarığıma, əxlaqıma və dövlətə olan sədaqətimə əminəm. Hesab edirəm ki, kiminsə haqqında ciddi iddiaları olan şəxsin yeri saxta profillərin arxası deyil, əlindəki konkret faktlarla aidiyyəti dövlət orqanlarına müraciət etməkdir.

Bəli, mənim ixtisasım ibtidai təhsilin pedaqogikası və metodikasıdır. Bununla fəxr edirəm! İxtisasımı, müəllimlik fəaliyyətimi və təhsil sahəsində qazandığım bilikləri heç vaxt kiçiltməmişəm. Təəssüf ki, bəzilərinin yanaşmasından belə qənaətə gəlmək olur ki, onlar üçün insanın biliyindən, bacarığından və əməyindən daha çox diplomunun adı və vəzifəsinin təqdim etdiyi imkanlar əhəmiyyətlidir. Halbuki onlar bilməlidir ki, pullar töküb oxuduqları 2-ci təhsil yolu ilə yiyələndikləri Hüquqşünaslıq və ya İqtisadiyyat ixtisaslarına elə mən öz ixtisasıma qəbul olduğum balla da qəbul ola bilirdim.

Həmin şəxslərə demək istədiyim bir söz var: Dövr artıq sizin işlədiyiniz dövr deyil!

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi cənab Ceyhun Cəlilovun rəhbərliyi ilə kadrların əməyinin qiymətləndirilməsinə, bacarıqlı və peşəkar şəxslərin fəaliyyətinə imkan yaradılmasına xüsusi diqqət yetirildiyini görürük. İnanıram ki, dövlət maraqlarını şəxsi maraqlarından üstün tutan rəhbərlik kiminsə şəxsi qərəzindən, sosial şəbəkələrdə apardığı qarayaxma kampaniyasından çıxış edərək qərar verməz.

Gələk son günlər müzakirə olunan digər məsələyə.

16 noyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin Naxçıvan şəhərində keçirdiyi vətəndaş qəbulunda rəhbərliyimin məlumatı və razılığı ilə iştirak etmişəm. Bu müraciət tamamilə şəxsi məsələlərim, gələcək peşəkar planlarım ilə bağlı olub.

Bəli, həmin qəbulda sadə bir VƏTƏNDAŞ kimi iştirak etmişəm!

Çünki tutduğum vəzifə mənə dövlətə xidmət etmək üçün verilib. Şəxsi məsələlərimin həlli, gələcək planlarım və peşəkar inkişafımla bağlı müraciət etmək isə mənim də hər bir Azərbaycan vətəndaşı kimi hüququmdur. Dövlət qulluqçusu və ya məmur olmaq insanın vətəndaş hüquqlarını məhdudlaşdırmır.

Məsələnin bir tərəfi budur. Məni tanıyan insanları narahat edən digər tərəf isə bu qəbuldan sonra haqqımda yenidən başladılan qarayaxma kampaniyasıdır.

Qeyd etmək istəyirəm ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında rəhbər dəyişikliyindən sonra fəaliyyətində ciddi nöqsanlara yol verdiyi bildirilən və dövlət maraqları ilə bağlı məsələlərdə mövqeyi mübahisə doğuran bir sıra vəzifəli şəxslər tutduqları vəzifələrdən azad olunublar. Həmin şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri Rəşad Əlizadə və ona yaxın olan insanlardır.

Artıq bir ildən çoxdur ki, sosial şəbəkələrdə haqqımda yayılan həqiqətə uyğun olmayan məlumatların arxasında müəyyən şəxslərin dayandığına əmin idim. Dünən yayımlanan xəbərlərdən sonra Rəşad Əlizadənin də əvvəllər istifadə etdiyi saxta profillərlə yanaşı, bu dəfə öz rəsmi hesabından da müzakirələrə qoşulduğunu gördüm.

Məsələni dəqiqləşdirmək məqsədilə onun şəxsi nömrəsinə mesaj yazaraq bu paylaşımların həqiqətən onun tərəfindən edilib-edilmədiyini soruşmuşam və yazışma vasitəsilə öz mövqeyimi aydın şəkildə ifadə etmişəm.

Təəssüf doğuran məqam odur ki, vaxtilə təhsil sistemində rəhbər vəzifələrdə çalışmış, bu gün isə mənim fəaliyyətimə kölgə salmağa çalışan bəzi şəxslər öz keçmiş fəaliyyətləri ilə bağlı suallara cavab vermək əvəzinə, bir qadının şəxsi həyatı, mənəvi dəyərləri və peşəkar nüfuzu ətrafında müzakirələr yaratmağa üstünlük verirlər.

Onlara demək istədiyim yalnız budur: Özünüzə yaraşdırdığınız münasibəti başqalarından da gözləyin!

Həmin dövrdə vəzifələrindən azad edilmiş bir neçə direktorla bu gün də çox yaxşı münasibətlərim var. Çünki hər bir insanı eyni meyarla qiymətləndirmək olmaz. Onlar dövrün qurbanına çevrilən, Rəşad Əlizadə kimi rəhbərlərin tələblərini yerinə yetirən şəxslər olublar. Mən heç vaxt kiminsə haqsızlığa məruz qalmasını arzulamamışam. Lakin dövlət vəzifəsindən şəxsi maraqlar naminə istifadə edilməsi, xüsusilə də uşaqların, valideynlərin və təhsil işçilərinin hüquqlarına toxunan hallarla bağlı iddialar, əlbəttə, vaxtı ilə ciddi araşdırılmışdır.

Bir daha bildirirəm ki, heç kimin şəxsi qərəzi, sosial şəbəkələrdəki fəaliyyəti və ya mənimlə bağlı yaratmağa çalışdığı ictimai rəy mənim dövlətə xidmət amalımı dəyişə bilməz.

Mənim üçün ən böyük dəyər insanların etimadı və vicdanımın rahatlığıdır.

Mən bu gün də dövlətimə sədaqətlə xidmət edirəm və bundan sonra da öz yoluma başıuca davam etmək niyyətindəyəm.”

ANZ.AZ

Paylaş:

Ən son xəbərlər