Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Ayxan Qasımovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 5 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Ayxan Qasımov təkrarən özgənin əmlakını gizli yolla talamaqla Gəncə şəhərində bir neçə oğurluq hadisəsi törədib. Onun əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 98 842 manat məbləğində maddi ziyan dəyib.
İstintaq materiallarında qeyd olunur ki, Ayxan Qasımov ilk oğurluq hadisəsini nənəsi Sədaqət Cəlalinin Türkiyə Respublikasına getməsindən istifadə edərək törədib.
Belə ki, təqsirləndirilən şəxs nənəsinin Türkiyəyə getdiyini və onun Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən yaşayış evində heç kimin olmadığını bildikdən sonra özündə olan açarla evə daxil olub.
O, 2023-cü il iyulun 17-dən avqustun 17-dək olan müddətdə dəqiq müəyyən edilməyən tarixlərdə evin içərisindəki əmlakı gizli şəkildə talayıb. Bu yolla Ayxan Qasımov vahid niyyətlə hərəkət edərək nənəsinə ümumilikdə 85 242 manat məbləğində külli miqdarda maddi ziyan vurub.
Ayxan Qasımov bundan sonra da oğurluq əməllərini davam etdirib.