Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Asəf Məlikovun (adı, soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmə istintaqı zamanı o, ittiham üzrə özünü təqsirli bildiyini deyib.
O qeyd edib ki, zərərçəkmiş Nahidə Məlikova (adı, soyadı şərtidir) onun anasıdır və onunla birlikdə Masallı rayonu ərazisində yaşayır.
Təqsirləndirilən şəxsin sözlərinə görə, uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkib və bununla əlaqədar müxtəlif vaxtlarda müalicə alıb.
Asəf Məlikov hadisənin baş verdiyi gün anası ilə birlikdə evdə olduğunu, səhhəti ilə əlaqədar əsəbiləşdiyini və mətbəxdə olan bıçağı götürərək anasına xəsarətlər yetirdiyini bildirib.
Təqsirləndirilən şəxs ifadəsində söyləyib ki, Nahidə Məlikovaya xəsarət yetirdikdən sonra bıçağı yerə atıb. Daha sonra evdən çıxaraq qonşusunu çağırıb və anasını evdə bıçaqla vurduğunu deyib.