Orta yaş bir çox insan üçün həyatın dayanma nöqtəsi kimi görünsə də, əslində, özünü yenidən tanımaq, yeni hədəflər müəyyənləşdirmək və həyata fərqli istiqamət vermək üçün əla fürsətdir.
Pravda.az bildirir ki, həyatın bu mərhələsində insan karyerasını, ailəsini, şəxsi məqsədlərini və dəyərlərini yenidən gözdən keçirir. İndiyə qədər yaşadıqlarını dəyərləndirərək bundan sonra necə yaşamaq istədiyinə qərar verə bilər.
Özünü yenidən kəşf etmək insanın daxili dünyasına səyahət etməsi, kim olduğunu, nə istədiyini və hara getmək istədiyini anlaması deməkdir.
Orta yaşda özünüzü yenidən kəşf etməyin yolları
Həyatın bu dövrünü daha mənalı, dolğun və xoşbəxt keçirmək mümkündür. Bunun üçün aşağıdakı tövsiyələrə nəzər yetirin:
Özünüzə qarşı dürüst olun
Həyatın sizi gətirib çıxardığı nöqtəni qəbul edin. Uğurlarınızı və çətinliklərinizi olduğu kimi dəyərləndirin.
Həyatınızı ümumi şəkildə nəzərdən keçirin və özünüzə suallar verin:
İşinizdən və ya karyeranızdan razısınızmı?
Münasibətləriniz sizi xoşbəxt edirmi?
Həyatınızın mənalı olduğunu düşünürsünüzmü?
Yaşadığınız yerdə özünüzü rahat hiss edirsinizmi?
Həyatınızın hansı sahələrində dəyişiklik etmək istəyirsiniz?
Sizi xoşbəxt edən və yaxşılaşdırmaq istədiyiniz məqamları müəyyənləşdirin. Hər birini 1-dən 10-a qədər qiymətləndirmək də faydalı ola bilər.
Özünüzə vaxt ayırın və daxili dünyanızı tanıyın
Orta yaş özünüzü daha yaxından tanımaq üçün əla fürsətdir. Keçmiş uğurlarınızı, təcrübələrinizi və həyatın sizə öyrətdiyi dərsləri xatırlayın.
Meditasiya, gündəlik yazmaq və ya fərdi psixoloji dəstək almaq özünüzü daha yaxşı anlamağa kömək edə bilər.
Bu proses nəyin sizin üçün həqiqətən vacib olduğunu və gələcəkdə hansı istiqamətdə irəliləmək istədiyinizi müəyyənləşdirməyə imkan verir.
Özünüzü bağışlamağı öyrənin
Keçmişdə verdiyiniz qərarlara görə özünüzü günahlandırmayın. Peşmanlıqlara ilişib qalmaq əvəzinə, yaşadıqlarınızdan nəticə çıxarmağa çalışın.
Müəyyən yaşa çatanda həyatınızın hansısa mərhələsində olmalı olduğunuzu düşünməkdən uzaq durun. Hər kəsin öz həyat yolu və tempi var.
Dəyişdirmək istədiyiniz məqamlar varsa, bunun üçün heç vaxt gec deyil. Özünüzü bağışlamaq keçmişi geridə qoymaqla yanaşı, çətinlikləri aşdığınızı və gücləndiyinizi də qəbul etməkdir.
Sağlamlığınızı və fiziki aktivliyinizi ön plana keçirin
Orta yaş bədəninizə və ruhunuza daha çox diqqət yetirməli olduğunuz dövrdür.
Müntəzəm idmanla məşğul olmaq, sağlam qidalanmaq və kifayət qədər yatmaq həm fiziki sağlamlığınıza, həm də psixoloji vəziyyətinizə müsbət təsir göstərir.
Yoqa, meditasiya və təbiətdə gəzinti kimi fəaliyyətlər stressi azaltmağa və daxili tarazlığı qorumağa kömək edə bilər.
Hədəflərinizi müəyyənləşdirin və prioritetlərinizi yeniləyin
Həyatınızı gözdən keçirdikdən sonra hansı dəyişiklikləri etmək istədiyinizi müəyyənləşdirin.
Hər şeyi eyni anda dəyişməyə çalışmayın. Əvəzində, inkişafınız və xoşbəxtliyiniz üçün ən vacib olan məsələlərə diqqət yetirin.
Unutmayın ki, məqsəd müəyyənləşdirmək qədər həmin məqsədlərə çatmaq üçün ardıcıl addımlar atmaq da vacibdir.
Dəyişikliklərdən qorxmayın
Dəyişikliyi təhlükə deyil, inkişaf fürsəti kimi görün.
Həyatda köklü dəyişikliklər etmək qorxulu görünə bilər. Ancaq orta yaşın üstünlüklərindən biri də indiyədək topladığınız təcrübə, özünəinam və cəsarətdir.
Keçmiş təcrübələrinizdən güc alaraq yeni qərarlar verməkdən çəkinməyin.
Həyatın kiçik sevinclərindən zövq alın
Xoşbəxtlik həmişə böyük uğurlarda və möhtəşəm hadisələrdə gizlənmir.
Gün batımını izləmək, sevdiklərinizlə vaxt keçirmək, təbiətdə gəzmək və ya sadəcə sakit bir anın dadını çıxarmaq həyatınızı daha gözəl edə bilər.
Orta yaş insana həyat təcrübəsinin gətirdiyi müdrikliklə indiki anın qədrini daha yaxşı bilməyi öyrədir.
Münasibətlərinizi yenidən dəyərləndirin
Ətrafınızda sizə dəstək olan, sizi ruhlandıran və inkişafınıza töhfə verən insanların olması çox vacibdir.
Kimlərlə vaxt keçirməkdən zövq aldığınızı, kimin sizə motivasiya verdiyini və hansı münasibətlərin sizi yorduğunu düşünün.
Sağlam və səmimi münasibətlər emosional zənginliyinizi artırır. Zərərli münasibətlərdən uzaqlaşmaq isə psixoloji sağlamlığınızı qorumağa kömək edir.
Sevgi və dəstəklə əhatə olunmaq həyatın hər mərhələsində insana yenidən doğulmuş kimi hiss etdirə bilər.
Orta yaşdan qorxmayın!
Orta yaş həyatın sonu deyil, yeni başlanğıcı ola bilər. Bu dövrü özünüzü inkişaf etdirmək, yeni məqsədlər müəyyənləşdirmək və həyatınıza fərqli istiqamət vermək fürsəti kimi qiymətləndirin.
Keçmiş təcrübələrinizdən güc alaraq gələcəyə ümidlə baxın. Unutmayın ki, bu gün atacağınız kiçik, lakin əhəmiyyətli addımlar gələcəkdə böyük dəyişikliklərə səbəb ola bilər.
Əminə Bayramova